Arvadını döyüb  məhkəməlik oldu - Tələbə qızının Bakıdakı kirayə puluna görə
13 noyabr 2026 14:21 (UTC +04:00)

Arvadını döyüb məhkəməlik oldu - Tələbə qızının Bakıdakı kirayə puluna görə

0

Şirvanda kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, 43 yaşlı Rafiq Nəsirov (şərti adla) yaşadıqları evdə yaranmış mübahisə zəminində arvadını plasmas su borusu ilə döyərək, xəsarət yetirib.

Buna səbəb isə onların Bakıda universitetdə oxuyan qızının aylıq kirayə pulunun yüksək olmasıdır. Belə ki, qadın ərindən qızının aylıq kirayə haqqının köçürülməsini istəyib. Lakin əri ödənişin çox olduğunu deyərək, dərslər başlayanda ev məsələsini yenidən həll edəcəyini bildirib. Yaranan mübahisənin nəticəsində isə məlum cinayət törədilib.

Zərərçəkənin şikayəti əsasında Rafiq istintaqa cəlb olunub və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 22 ildir evlidirlər. O, hadisə zamanı qızını yox, plasmas boru ilə sadəcə arvadının ayağına vurduğunu deyib. Rafiq Nəsirov əməlindən peşman olduğunu bildirib. Onun sözlərinə görə, arvadı ilə barışmaq istəsə də, qadın razılaşmayıb.

Zərərçəkən qadının sözlərinə görə isə o, qızını oxudacağını desə də, əri etiraz edib. Qadın bildirib ki, mübahisə zamanı əri plasmas boru ilə onun ayağına vurub və saçlarını yolub. Qızı onları aralamaq istəyəndə, Rafiq onun da saçından tutaraq, divara çırpıb və üzünə sillə vurub. Bundan sonra əri ona evdən çıxması üçün 1 saat verib. Qadın özü çıxmadığı üçün Rafiq onun qolundan tutaraq, çölə çıxarıb. Zərərçəkənin sözlərinə görə, buna görə də əmisi arvadının evinə gedib və Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək məlumat verib. O, hazırda ərindən şikayətçi olduğunu deyərək, onun cəzalandırılmasını istəyib.

Məhkəmənin qərarı ilə R. Nəsirov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 110

Oxşar yazılar