Azərbaycan Minatəmizləmə Agentliyinin bölmə rəisi məsuliyyətə cəlb olunub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Xocalı rayonu ərazisində baş verib.
Məlumata görə, Qarqar çayının ətrafında mina təmizləmə işləri görən bölmənin qarşısında transformator çıxıb. Bölmə rəhbəri olan 45 yaşlı Sadiq Musayev (şərti adla) transformatordan səs gəlmədiyini görüb tabeliyində olan bölməyə təmizlik işlərini davam etdirməyə göstəriş verib. Bu zaman minaaxtaranlardan biri transformatorun qapısını açıb. Nəticədə onu elektrik cərəyanı vurub və o, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Faktla bağlı zərərçəkənin olduğu bölmənin rəisi S. Musayev barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Məlum olub ki, hadisənin baş verməsinə səbəb Sadiq Musayevin öz vəzifə borcu olan təhlükəsizlik tədbirlərinin görülməsinə biganə yanaşması olub. Musayev özü də bu faktı təsdiq edib. Onun sözlərinə görə, qarşılarına transformatorun çıxması ilə bağlı rəhbərliyə məlumat versə, aidiyyəti qurumun əməkdaşları ilə koordinasiyalı iş görülsə idi, zərərçəkəni də cərəyan vurmazdı. S. Musayev əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.
Zərərçəkən minaaxtaran da hadisəni qeyd olunan kimi təsvir edərək, Sadiq Musayevdən şikayətçi olmadığını deyib. O, Musayev barəsində yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə S. Musayev 1500 manat məbləğində inzibati qaydada cərimələnib.