Bakıda bir sıra poliklinikalarda sağlamlıq haqqında arayış almaq istəyən vətəndaşlar ciddi növbə problemi ilə üzləşirlər.
Lent.az-a daxil olan şikayətlərə görə, 10, 20 və 23 nömrəli poliklinikalara üz tutan vətəndaşlar rentgen müayinəsindən keçmək üçün saatlarla növbə gözləməli olurlar.
Onlara verilən növbə çeklərində 46, 72, hətta 250-ci sıra göstərilir. Bu isə bəzi vətəndaşların gün ərzində müayinədən keçə bilməməsinə səbəb olur.
Maraqlıdır, əgər vətəndaşın həmin gün müayinədən keçmək imkanı yoxdursa, ona hansı əsasla növbə çeki verilir? Ümumiyyətlə, poliklinikalarda rentgen həkimlərinin gün ərzində neçə nəfəri qəbul etməsi nəzərdə tutulur? Uzun növbələrin yaranmasının səbəbi nədir və problemin aradan qaldırılması üçün hansı tədbirlər görülür?
TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tibb müəssisələrində sağlamlıq haqqında arayışların verilməsi müəyyən edilmiş tibbi müayinə tələblərinə uyğun həyata keçirilir:

Tibb müəssisələrinə müraciətlərin intensivliyi günlər üzrə fərqlənir. Xüsusilə müxtəlif təyinatlı tibbi arayışlar üçün müraciətlərin eyni dövrə təsadüf etməsi ayrı-ayrı günlərdə və saatlarda müvəqqəti sıxlığın yaranmasına səbəb ola bilər. Bu hal bütün tibb müəssisələri üçün daimi xarakter daşımır.
Nəzərə almaq lazımdır ki, sağlamlıq haqqında arayışın verilməsi yalnız sənədin rəsmiləşdirilməsi deyil, vətəndaşın sağlamlıq vəziyyətinin faktiki tibbi müayinələr əsasında qiymətləndirilməsini nəzərdə tutur. Məsələn, sağlamlıq haqqında tibbi arayışın (Forma 86) verilməsi üçün müvafiq ixtisas həkimlərinin baxışı, laborator və instrumental müayinələr tələb olunur. Bu müayinələrin tam şəkildə aparılması və nəticələrinin qiymətləndirilməsi müəyyən vaxt tələb edir.
Tibbi arayışların formal prosedur kimi deyil, real müayinələrin nəticələri əsasında verilməsi prinsipial əhəmiyyət daşıyır. Bu yanaşma həm sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirilməsinə, həm də mümkün xəstəliklərin erkən aşkarlanmasına xidmət edir.
Eyni zamanda, TƏBİB tərəfindən müraciət axınının daha səmərəli idarə olunması, qəbul prosesinin təşkili və vətəndaşların gözləmə müddətinin minimuma endirilməsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə poliklinikalarda onlayn növbə sisteminin tətbiqi və digər müasir həllərin istifadəsi nəzərdə tutulur”.
Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov Lent.az-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxana və poliklinikalarda yaranan uzun növbələr həm xəstələr, həm də həkimlər üçün ciddi problemlər yaradır:

“İcbari tibbi sığorta tətbiq olunandan bəri tibb müəssisələrində böyük növbələr yaranır. Tibbdə əsas qaydalardan biri həkimin ilk növbədə öz sağlamlığını və təhlükəsizliyini qorumasıdır. Rentgen kabinetlərində bir həkimin gün ərzində neçə xəstə qəbul edə biləcəyinə dair konkret norma olmalıdır. Bu normaya əməl edilməməsi həkimin normadan artıq şüalanmaya məruz qalmasına səbəb ola bilər.
İcbari tibbi sığorta tətbiq edilərkən maddi-texniki bazanın genişləndirilməsi də nəzərə alınmalı idi. Əlavə rentgen kabinetləri və radioloji mərkəzlər yaradılmalı idi ki, xəstələr saatlarla növbə gözləməsinlər. Təsəvvür edin, xəstə müayinəyə gedir və ona növbədə 250-ci olduğu bildirilir. Həmin adam 250-ci növbəni neçə saat gözləsin? Belə çıxır ki, içəridəki rentgen həkimi heç normal rentgen etmir, baxır, yalan-doğru bir kağız verir, göndərir. Mümkün deyil ki, rentgen həkimi bir gündə 250 nəfəri müayinə etsin. Bu, müayinələrin keyfiyyəti ilə bağlı haqlı şübhələr yaradır”.
Ekspertin sözlərinə görə, problemin həlli üçün xəstələrin qəbulu düzgün planlaşdırılmalıdır:
“Gün ərzində müayinə edilməsi mümkün olan sayda xəstə qəbul olunmalı, digərləri isə müxtəlif günlərə və konkret saatlara qeydiyyata alınmalıdır. Xarici ölkələrdə də bu təcrübədən istifadə olunur. Bütün xəstələri bir gündə qəbul etmək üçün kifayət qədər həkim və tibbi avadanlıq olmalıdır”.
Qeyd edək ki, son on ildir sağlamlıq haqqında arayış alarkən rentgen müayinəsindən keçmək tələb olunur.