Bir vaxtlar onlar bütün dünyada tanınır, milyonlar qazanır və böyük uğurlara imza atırdılar. Lakin alqışların, mükafatların və şöhrətin arxasında asılılıqlar, faciəli talelər və dərin tənhalıq gizlənirdi.
Lent.az xarici mediaya istinadən şöhrətin zirvəsinə yüksələn, lakin sonradan həyatları alt-üst olan məşhurlar haqqında çəkilmiş 7 filmi təqdim edir.
Bu ekran əsərlərinin əksəriyyəti real hadisələrə əsaslanır və məşhurların parlaq həyatının görünməyən tərəflərini üzə çıxarır.
“Cudi” (Judy, 2019)
Film məşhur müğənni və aktrisa Cudi Qarlandın həyatından bəhs edir. “Oz ölkəsinin sehrbazı” filmindəki rolu ona dünya şöhrəti qazandırıb. Lakin uğurlu karyerasının arxasında ağır uşaqlıq illəri, müxtəlif asılılıqlar, şəxsi həyatındakı problemlər və maddi çətinliklər dayanırdı.
Ekran əsərində sənətçinin həyatının son dövrü, pul qazanmaq üçün Londona konsert verməyə getməsi və səhnədə qalmaq uğrunda mübarizəsi əks olunur. Baş rolu canlandıran Rene Zellveger bu obrazına görə “Oskar”, “Qızıl qlobus” və BAFTA mükafatlarına layiq görülüb.
“Emi” (Amy, 2015)
Emi Vaynhaus öz nəslinin ən istedadlı müğənnilərindən biri hesab edilirdi. “Back to Black” albomu ona dünya şöhrəti və beş “Qremmi” mükafatı qazandırıb.
Lakin narkotik və alkoqol asılılığı sənətçinin həyatını məhv edib. Paparassilərin davamlı təqibi və şəxsi həyatının toxunulmazlığının pozulması vəziyyəti daha da ağırlaşdırıb. Sənədli filmdə arxiv görüntüləri və müsahibələr vasitəsilə müğənninin ilk musiqi fəaliyyətindən 27 yaşında faciəli ölümünə qədər keçdiyi yol nümayiş etdirilir.
“Mariya” (Maria, 2024)
Film XX əsrin ən məşhur opera müğənnilərindən biri olan Mariya Kallasın həyatından bəhs edir. Onun çıxışları dünyanın ən nüfuzlu teatrlarında böyük maraqla qarşılanırdı. Lakin milyarder Aristotel Onassislə münasibətlərində yaşadığı məyusluq, səhhətində yaranan problemlər və səsinin zəifləməsi sənətçi üçün ağır sınağa çevrilib.
Filmdə müğənninin Parisdə keçirdiyi son günlər, keçmişi ilə hesablaşması və tənhalığı təsvir edilir. Baş rolu canlandıran Ancelina Coli bu obraz üçün uzun müddət vokal dərsləri alıb. Film Venesiya Film Festivalında səkkiz dəqiqə ayaqüstə alqışlanıb.
“Mən, Tonya” (I, Tonya, 2017)
Tonya Hardinq öz nəslinin ən uğurlu fiqurlu konkisürənlərindən biri olmaq şansına malik idi. O, yarış zamanı üçqat aksel hərəkətini yerinə yetirən ilk amerikalı qadın kimi tarixə düşüb.
Lakin 1994-cü ildə rəqibi Nensi Kerriqana qarşı təşkil edilən hücumla bağlı qalmaqal onun karyerasını məhv edib. Hardinq fiqurlu konkisürmə üzrə yarışlardan ömürlük uzaqlaşdırılıb. Film idmançının uşaqlıqda anasından, daha sonra isə həyat yoldaşından gördüyü zorakılıqları və bütün uğurlarını necə itirdiyini göstərir.
Baş rolu canlandıran Marqo Robbi bu obrazına görə ilk dəfə “Oskar” mükafatına namizəd olub.
“Çəhrayı rəngdə həyat” (La Vie en Rose, 2007)
Ekran əsəri əfsanəvi fransız müğənnisi Edit Piafın həyatından bəhs edir. O, hələ uşaq yaşlarında pul qazanmaq üçün Paris küçələrində mahnı oxuyurdu. İstedadı sayəsində yoxsulluqdan xilas olan Piaf dünya şöhrəti qazansa da, həyatı itkilər, xəyanətlər, sağlamlıq problemləri və alkoqol asılılığı ilə müşayiət olunub.
Film sənətçinin ağır uşaqlıq illərindən həyatının son günlərinə qədər yaşadığı hadisələri əhatə edir. Edit Piaf obrazını canlandıran Marion Kotiyyar “Oskar”, “Qızıl qlobus”, BAFTA və Fransanın “Sezar” mükafatlarını qazanıb.
“Bördmen” (Birdman, 2014)
Siyahıda real hadisələrə əsaslanmayan yeganə filmdir. Ekran əsəri bir vaxtlar superqəhrəman obrazı ilə məşhurlaşan, lakin illər keçdikcə unudulan aktyor Riqan Tomsonun həyatından bəhs edir.
Keçmiş şöhrətini qaytarmaq istəyən aktyor Brodveydə öz tamaşasını səhnələşdirmək qərarına gəlir. Lakin maliyyə problemləri, ailə münasibətləri və daxili ziddiyyətlər onun işini çətinləşdirir. Film 2015-ci ildə ən yaxşı film və rejissor nominasiyaları da daxil olmaqla dörd “Oskar” mükafatı qazanıb.
“Uitni” (Whitney, 2018)
Uitni Hyuston dünya musiqi tarixinin ən uğurlu müğənnilərindən biri olub. Lakin böyük şöhrət, sərvət və milyonlarla pərəstişkar onun faciəli taleyinin qarşısını ala bilməyib. Sənədli filmdə əvvəllər yayımlanmamış arxiv materialları, nadir görüntülər və yaxınlarının müsahibələri vasitəsilə müğənninin həyatının bilinməyən tərəfləri açıqlanır.
Ekran əsəri böyük istedad sahibi olan bir insanın asılılıqlarla mübarizəsini, üzləşdiyi təzyiqləri və şöhrətin ağır bədəlini göstərir.