Cennifer Barreto kimdir?  - "Kainat gözəli" müsabiqəsi ilə gündəmə gələn model
26 noyabr 2026 20:15 (UTC +04:00)

Cennifer Barreto kimdir? - "Kainat gözəli" müsabiqəsi ilə gündəmə gələn model

0

Dünyanın ən nüfuzlu gözəllik müsabiqələrindən biri olan “Miss Universe” ilə gündəmə gələn Cennifer Barreto haqqında məlumatlar maraq doğurur. Venesuelalı model gözəllik dünyasında ənənəvi standartlara qarşı çıxması və fərqli bədən quruluşuna malik qadınların moda sənayesində təmsil olunması istiqamətində fəaliyyəti ilə tanınır. Dəqiqləşdirək ki, 2026-cı ilin “Kainat gözəli” seçilən Cennifer Barreto venesuelalı eyniadlı model deyil, Puerto-Riko təmsilçisidir.

Lent.az-ın “Bioqrafiya” rubrikasında Cennifer Barretonun həyatı və karyerası haqqında məlumatları təqdim edirik.

Cennifer Barreto harada və nə vaxt anadan olub?

Cennifer Barreto 1998-ci il dekabrın 17-də Puerto-Rikonun Mayaques şəhərində anadan olub. Uşaqlıq illəri İsabela, San-Sebastyan və Aquadilya bölgələrində keçib.

Cennifer Barreton harada təhsil alıb?

O, ABŞ-ın Kentukki ştatında psixologiya üzrə bakalavr təhsili alıb. Daha sonra psixologiya və sosial iş üzrə iki magistr dərəcəsinə yiyələnib. Uşaqların müdafiəsi, məişət zorakılığı, psixoloji travmalar və intihar hallarının qarşısının alınması istiqamətində ixtisaslaşıb.

Cennifer Barreton karyerasına nə zaman başlayıb?

Barreto 2021-ci ildə Texas ştatında ABŞ ordusunun strukturunda peşəkar fəaliyyətə başlayıb. O, məişət zorakılığından əziyyət çəkən qadınlara, zorakılığa məruz qalan uşaqlara və hərbçi ailələrinə dəstək göstərib. Daha sonra hərbi tibb mərkəzində könüllü kimi çalışıb və profilaktika üzrə mütəxəssis vəzifəsinə seçilib.

Cennifer Barreto gözəllik müsabiqələrinə necə qatılıb?

Onun gözəllik müsabiqələrində karyerası 2025-ci ildə başlayıb. Əvvəllər podium təcrübəsi olmayan Barreto 2026-cı ilin iyununda Puerto-Rikonun gözəllik kraliçası seçilib. Bu uğur ona beynəlxalq “Miss Universe” müsabiqəsində iştirak etmək imkanı qazandırıb.

Cennifer Barreto necə tarixə düşüb?

2026-cı il noyabrın 24-də Puerto-Rikonun San-Xuan şəhərində keçirilən 75-ci “Kainat gözəli” müsabiqəsinin finalında Cennifer Barreto qalib olub. 27 yaşlı gözəl müsabiqənin tarixində bu titulu qazanan ilk ana kimi tarixə düşüb.

Qeyd edək ki, 2023-cü ilədək evli və övladı olan qadınların müsabiqədə iştirakına icazə verilmirdi. Barreto həmçinin Puerto-Rikoya altıncı “Kainat gözəli” titulunu qazandırıb.

Cennifer Barretonun şəxsi həyatı haqqında nələr məlumdur?

Cennifer Barreto ailəlidir. Onun həyat yoldaşı ABŞ ordusunda xidmət edir. Cütlüyün 2019-cu ildə dünyaya gələn Penelopa adlı qızı var.

Cennifer Barreto haqqında maraqlı faktlar

İki magistr dərəcəsinə malikdir.

Psixoloq və sosial iş üzrə mütəxəssisdir.

Gözəllik müsabiqələrinə 2025-ci ildə hazırlaşmağa başlayıb.

Ətraf mühitin və heyvanların qorunmasına yönəlmiş sosial layihələrlə məşğul olur.

“Kainat gözəli” müsabiqəsinin tarixində qalib olan ilk ana və evli qadındır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar