Vətən müharibəsinin ağır döyüşlərində iştirak edənlər arasında o zaman hərbi xidmətini yerinə yetirən gənc əsgərlər də vardı. Onlar cəbhəyə yollananda qarşıda hansı çətinliklərlə üzləşəcəklərini, nələr yaşayacaqlarını bilmirdilər. Ancaq döyüş meydanında göstərdikləri cəsarət, silahdaşlarına sədaqət və qələbəyə inam onların hər birinin həyatında silinməz izlər qoyacaqdı. "Vətən uğrunda medalı" və "Müharibə iştirakçısı medalı" ilə təltif olunmuş, hazırda Göygöl Rayon Polis Şöbəsində xidmət edən polis baş serjantı Elvin Hüseynzadə kimi.
Lent.az-ın əməkdaşı onunla DİN-in Xüsusi Təyinatlı Təlim Mərkəzində həmsöhbət olub
– Elvin, müharibə başlayanda neçə yaşınız vardı? Həmin vaxt harada xidmət edirdiniz və döyüşlərin başlanacağını necə öyrəndiniz?
– 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdım. Müharibə başlayanda artıq əsgər kimi "N" saylı hərbi hissədə xidmət edirdim. Müharibənin başlanacağını hərbi hissə komandirimizdən öyrəndim. Bizə məlumat verildi ki, döyüşlər başlayır. Bundan sonra Füzuli istiqamətinə yollandıq.
– İlk dəfə döyüş bölgəsinə gedəndə nələr düşünürdünüz? Qarşıda sizi nələrin gözlədiyini təsəvvür edirdinizmi?
– Düşünürdüm ki, müharibə başlayır və torpaqlarımız artıq işğaldan azad olunacaq. Bu döyüşlərdə iştirak etdiyim üçün qürur hissi keçirirdim.
– Döyüş yolunuz haradan başladı? Hansı rayonların azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiniz?
– İlk döyüşüm Füzuli istiqamətində oldu. Füzuli və Cəbrayıl istiqamətlərində döyüşdük. Daha sonra Qubadlı və Laçın istiqamətlərində döyüşlərdə iştirak etdim.
– Keçdiyiniz döyüş yolunda ən ağır gününüz hansı olub? Həmin gün baş verənləri necə xatırlayırsınız?
– Ən ağır günlərimiz şəhidlərimizin, yaralılarımızın olduğu günlər idi. Bundan ağır nə ola bilərdi ki?
Mənim üçün oktyabrın 29-u xüsusilə ağır və məsuliyyətli gün oldu. Həmin gün üzərimə düşən döyüş tapşırığını yerinə yetirməli idim. Düşünürdüm ki, düşmənin hücuma keçmək istəyən Su-25 döyüş təyyarəsini vaxtında məhv etməsəm, nə qədər hərbi qulluqçumuz şəhid ola bilər. Qubadlı rayonunun Xəndək kəndində düşmənə məxsus "Su-25" döyüş təyyarəsini "İQLA-S" raketi ilə vurdum. Televiziyada həmin hadisə ilə əlaqədar çəkilişlərim də var. Deməliyəm ki, oktyabrın 29-u mənim üçün müharibənin ən məsuliyyətli və yadda qalan günü oldu.
– Döyüşlər zamanı elə anlar yaşadınızmı ki, sağ çıxacağınıza ümidiniz azalsın?
– Bəli, elə vəziyyətlər olub ki, oradan sağ çıxmağımız möcüzə idi.
Mən heç gözləmirdim ki, o müharibədən sağ qayıdaram. Çünki o qədər şəhidimiz, yaralımız vardı, o qədər qızğın döyüşlər gedirdi ki, həmin anlarda yaşayıb-yaşamayacağımızı düşünmürdük.
Fikrimizdə yalnız irəli getmək, üzərimizə düşən döyüş tapşırığını yerinə yetirmək vardı. O qədər döyüşə öyrəşmişdik ki, atışlara, mərmilərə əvvəlki qədər əhəmiyyət vermirdik. Yeməyimizi də belə şəraitdə yeyirdik, dincəlməyimiz də belə olurdu. Ancaq fikrimiz döyüşdə, üzərimizə düşən tapşırığı yerinə yetirməkdə idi.
Boş vaxtlarımızda söhbətlərimiz olurdu, ailəmizi düşünürdük. Amma ən çox yaralılarımızı, şəhidlərimizi, onların ailələrini fikirləşirdik. Bunları danışmaq çətindir. Bəzən söz tapmaq olmur.
– Azad olunmuş torpaqlarda Azərbaycan bayrağını görəndə hansı hissləri keçirdiniz?
– Azərbaycan bayrağını görəndə fəxr hissi keçirirdim. Düşünürdüm ki, çox şükür, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır. Bu, mənim üçün çox böyük qürur idi. Fəxr edirdim ki, həmin döyüşlərdə iştirak etmişəm.


