“Yorulmuşam” deyəndə  nəyi   nəzərdə tuturuq? - Nəsillərin fərqli baxışı
13 oktyabr 2026 11:42 (UTC +04:00)

“Yorulmuşam” deyəndə nəyi nəzərdə tuturuq? - Nəsillərin fərqli baxışı

0

“Yorulmuşam” ifadəsi hər kəs üçün eyni məna daşımır. Kiminsə yaxşı yatmağa, başqasının sakit bir axşama ehtiyacı olur. Bəzən isə insan özünü o qədər tükənmiş hiss edir ki, adi mesaja cavab vermək belə çətinləşir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, müxtəlif nəsillərin yorğunluğa münasibəti müqayisə edilib.

Bebi-bumerlər: Əvvəl işləri bitirmək, sonra dincəlmək

1946-1964-cü illərdə doğulanları əhatə edən bebi-bumer nəslinin nümayəndələri yorğun olsalar da, öhdəliklərini yerinə yetirməyə davam edən insanlar kimi təsvir olunurlar.

Bu yanaşmada istirahətə yalnız vacib işlər başa çatdıqdan sonra vaxt ayrılır. İnsan gücünün azaldığını hiss etsə belə, işi yarımçıq qoymaq istəmir.

Ona görə də bu nəslin bəzi nümayəndələri tükəndiklərini açıq demək əvəzinə, bir qədər yavaşlamağa və ya müəyyən işləri sabaha saxlamağa ehtiyac duyduqlarını bildirirlər.

X nəsli: Bir neçə saat heç kim məndən heç nə istəməsin

1965–1980-ci illərdə doğulan X nəslinin nümayəndələri üçün yorğunluq bəzən sadəcə yatmaq istəyi ilə məhdudlaşmır. Onlar zənglərdən, xahişlərdən və ardıcıl həll edilməli problemlərdən uzaqlaşmaq istəyirlər.

Sakitlikdə televizora baxmaq, sevimli məşğuliyyətə vaxt ayırmaq və ya tək qalmaq dincəlməyin bir yolu ola bilər. Burada əsas ehtiyac müəyyən müddət ərzində heç kimin tələb və gözləntilərinə cavab verməməkdir.

Milleniallar: Bədən dincəlir, düşüncələr dayanmır

1981-1996-cı illərdə doğulan millenialların yorğunluğu məqalədə daha çox zehni yüklənmə ilə izah olunur.

İş, ödənişlər, ev qayğıları, mesajlar, görüşlər və gələcək planlar insanın fikrini daim məşğul edir. Divanda oturmaq belə bu düşüncələrin dayanması demək deyil.

Belə vaxtlarda planları ləğv etmək, evdə qalmaq və heç nə ilə məşğul olmamaq istəyi yarana bilər. İnsan bir müddət çoxsaylı məsuliyyətlərdən uzaqlaşmağa ehtiyac duyur.

Z nəsli: Mesaja cavab verməyə də güc qalmır

1997-2012-ci illərdə doğulan Z nəslinin nümayəndələrinin yorğunluğu isə emosional yüklənmə və daim onlayn olmaqla əlaqələndirilir.

Sosial şəbəkələr, xəbərlər, bildirişlər və yazışmalar insanın diqqətini fasiləsiz tələb edir. Nəticədə nə geyinəcəyinə və ya axşam nə yeyəcəyinə qərar vermək kimi sadə işlər də yorucu görünə bilər.

Məqalədə qeyd olunur ki, bu nəsil üçün istirahət bəzən heç bir nəticə əldə etməyə çalışmadan vaxt keçirməkdir. Hər boş dəqiqəni faydalı işə sərf etmək məcburiyyətindən uzaqlaşmaq da bunun bir hissəsidir.

Yorğunluğu yalnız yaşla izah etmək olmaz

Nəsillər fərqli şəraitdə böyüsələr də, insanın yorğunluğu necə yaşamasına iş yükü, ailə məsuliyyətləri, sağlamlığı və şəxsi xüsusiyyətləri də təsir edir.

Birinin sakitliyə, digərinin ünsiyyətə və ya yuxuya ehtiyac duyması mümkündür. Buna görə də “yorulmuşam” deyən insanın nəyə ehtiyacı olduğunu anlamağın ən yaxşı yolu onu dinləməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar