Qiymətləndirmə mexanizmlərində yenilənməyə ehtiyac var.
Lent.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Ekspert bildirib ki, qəbul imtahanlarında açıq tipli sualların sayı artırılmalı, abituriyentlərin analitik təfəkkürü, yaradıcılıq, yazı və şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün yeni mexanizmlər tətbiq olunmalıdır: “Ən problemli məsələlərdən biri məktəblərdəki tədris proqramları ilə Dövlət İmtahan Mərkəzinin qəbul proqramlarının üst-üstə düşməməsidir. Mövzular eyni olsa da, əsas fərq onlara yanaşma və çətinlik səviyyəsindədir. Bu, ölkə təhsilinin ən böyük problemlərindən biridir. Mövcud vəziyyət repetitorluğa şərait yaradır, məktəblərə inamı azaldır və təhsillə bağlı bir sıra neqativ fikirlərin formalaşmasına səbəb olur. Buna görə də məsələnin həlli istiqamətində ciddi addımlar atılmalıdır”.
Ekspertin fikrincə, ilk növbədə buraxılış və qəbul imtahanları birləşdirilməli, ayrıca blok imtahanlarının keçirilməsi dayandırılmalıdır: “Buraxılış imtahanlarının əhatə dairəsi genişləndirilməli və qəbul həmin imtahanların nəticələrinə uyğun aparılmalıdır. Buraxılış imtahanları iyun ayında, tədris ili başa çatdıqdan sonra keçirilməlidir. İmtahanlarda məcburi fənlərlə yanaşı, abituriyentin seçdiyi ixtisas istiqamətinə uyğun könüllü fənlər də nəzərdə tutula bilər. Beynəlxalq təcrübədə də bu cür yanaşmalar mövcuddur”.
Beynəlxalq imtahan nəticələrinin tanınması universitetlərə həvalə edilə bilər
Elşən Qafarov beynəlxalq imtahan nəticələrinin tanınmasının da vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, ayrı-ayrı ixtisaslar üzrə universitetlərə beynəlxalq qiymətləndirmə və imtahan nəticələrini tanımaq, həmin nəticələr əsasında qəbul aparmaq səlahiyyəti verilə bilər. Belə ki, bu yanaşma tədricən universitetlərin səlahiyyətlərinin genişləndirilməsinə və beynəlxalq təcrübənin tətbiqinə imkan yaradacaq.
Şagirdlərin dərs yükü azaldılmalıdır
Ekspert ümumtəhsil məktəblərində şagirdlərin dərs yükünün azaldılmasını da zəruri hesab edir: “Düşünürəm ki, 10-11-ci siniflərdə həftəlik dərs saatları 25-27-dən çox olmamalıdır. 5-9-cu siniflərdə bu göstərici 25 saatı, 5-6-cı siniflərdə 22-23 saatı keçməməlidir. İbtidai siniflərdə isə həftəlik dərs yükü 17-18 saatdan artıq olmamalıdır. Bunun əvəzində şagirdlərin intellektual səviyyəsini və həyati bacarıqlarını inkişaf etdirən dərsdənkənar məşğələlərə daha çox yer ayrılmalıdır. Ümumilikdə bu sahədə ciddi addımlara ehtiyac var. Əsas məsələ məktəb və qəbul proqramlarının uzlaşdırılması, buraxılış və blok imtahanlarının birləşdirilməsi, vahid imtahan modelinə keçid və imtahanların iyun ayı ərzində keçirilməsidir. Hesab edirəm ki, bu, daha məqsədəuyğun yanaşma olar”.