Tənqidçilərin  bəyənmədiyi,   tamaşaçıların isə heyran olduğu 6 məşhur film
27 noyabr 2026 11:34 (UTC +04:00)

Tənqidçilərin bəyənmədiyi, tamaşaçıların isə heyran olduğu 6 məşhur film

0

Kino, incəsənətin digər sahələri kimi, subyektiv anlayışdır. Hətta ən mükəmməl film belə hər kəsin xoşuna gəlməyə bilər. Bəzən uğursuz hesab edilən ekran əsərləri də milyonlarla tamaşaçının sevgisini qazanır.

Peşəkar kino tənqidçiləri ilə adi tamaşaçıların fikirləri arasında ciddi fərqlər olur. Tənqidçilər filmin süjetində, aktyor oyununda və rejissor işində çatışmazlıqlar axtararkən, tamaşaçılar daha çox ekran əsərinin yaratdığı təəssürata önəm verirlər.

Lent.az tənqidçilərin mənfi qiymətləndirməsinə baxmayaraq, tamaşaçıların böyük marağına səbəb olan filmləri təqdim edir.

“Transformerlər” (Transformers, 2007-ci il)

Maykl Beyin 2007-ci ildə ekranlara çıxan filmi kompüter qrafikası və xüsusi effektləri ilə kino dünyasında böyük səs-küy yaradıb. Avtobotların və deseptikonların ekrandakı möhtəşəm görüntüləri tamaşaçıları heyran edib.

Lakin kino tənqidçiləri filmin vizual effektlərdən başqa ciddi üstünlüyünün olmadığını bildiriblər. Onlar ekran əsərini zəif süjetə və kifayət qədər inkişaf etdirilməmiş personajlara görə tənqid ediblər.

Tamaşaçılar isə möhtəşəm döyüş səhnələrindən və uşaqlıq qəhrəmanlarının böyük ekranda canlandırılmasından zövq alıblar.

“Şər məskəni” (Resident Evil, 2002-ci il)

Videooyun əsasında uğurlu film çəkmək olduqca çətin vəzifədir. Lakin Pol Andersonun 2002-ci ildə təqdim etdiyi ekran əsəri tənqidçilərin mənfi rəylərinə baxmayaraq, geniş tamaşaçı auditoriyası qazanıb.

Filmin əsas uğurlarından biri Milla Yovoviçin baş rola seçilməsi olub. Aktrisanın canlandırdığı Elis obrazı öz xarizması ilə tamaşaçıların rəğbətini qazanıb. Tənqidçilər isə filmi sadə süjetinə, qeyri-bərabər hadisə tempinə və həddindən artıq zorakılıq səhnələrinə görə bəyənməyiblər.

“Konstantin: Qaranlıqlar hökmdarı” (Constantine, 2005-ci il)

DC komiksləri əsasında çəkilən filmin ən böyük üstünlüyü baş rolda Kianu Rivzin çəkilməsi olub.

Aktyorun canlandırdığı, həyatın çətinliklərindən yorulmuş şeytan ovçusu Con Konstantin tamaşaçılar arasında böyük populyarlıq qazanıb. Filmin qaranlıq və mistik atmosferi də onun sevilməsində mühüm rol oynayıb.

Tənqidçilər isə ekran əsərini darıxdırıcı, şablon və hadisələri əvvəlcədən təxmin edilə bilən film kimi qiymətləndiriblər. Buna baxmayaraq, pərəstişkarları uzun illərdir filmin davamını gözləyirlər.

“Karib dənizinin quldurları: Dünyanın sonunda” (2007-ci il)

2003-cü ildə ekranlara çıxan ilk film həm tənqidçilərin, həm də tamaşaçıların böyük rəğbətini qazanmışdı. Conni Deppin canlandırdığı kapitan Cek Sərçə isə kino tarixinin ən yaddaqalan personajlarından birinə çevrilmişdi.

Lakin üçüncü film tənqidçilərin gözləntilərini doğrultmayıb. Onlar personajların çoxluğundan, süjetin mürəkkəbliyindən və filmin təxminən üç saat davam etməsindən narazı qalıblar.

Tamaşaçılar isə Cek Sərçənin macəralarını, yumoristik səhnələri və möhtəşəm xüsusi effektləri yenə də maraqla izləyiblər.

“Başqa dünya: Təkamül” (Underworld: Evolution, 2006-cı il)

Vampirlər və canavar adamlar arasındakı əbədi mübarizədən bəhs edən film qaranlıq atmosferi və döyüş səhnələri ilə geniş pərəstişkar kütləsi qazanıb. Tənqidçilər ekran əsərini həddindən artıq mürəkkəb süjetə, zəif dialoqlara, çoxsaylı atışma səhnələrinə və vizual effektlərə görə bəyənməyiblər.

Tamaşaçılar isə filmin fantastik dünyasını, özünəməxsus üslubunu və dinamik hadisələrini yüksək qiymətləndiriblər.

“Kəpənək effekti” (The Butterfly Effect, 2004-cü il)

Eşton Katçerin baş rolda çəkildiyi film keçmişə qayıdaraq gələcəyini dəyişdirməyə çalışan Evan adlı gəncin həyatından bəhs edir.

Film kinoteatrlarda uğur qazansa da, tənqidçilərin sərt rəyləri ilə üzləşib. Onlar süjetin həddindən artıq mürəkkəb olduğunu və maraqlı ideyanın uğursuz şəkildə həyata keçirildiyini bildiriblər.

Tamaşaçılar isə keçmişlə gələcək arasındakı əlaqəni, alternativ həyat ssenarilərini və gözlənilməz hadisələri böyük maraqla qarşılayıblar. Ekran əsəri illər keçməsinə baxmayaraq, elmi-fantastik və psixoloji filmləri sevənlərin yaddaşında qalmağı bacarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar