Türkiyənin “Halk TV” telekanalına qarşı keçirilən üçüncü əməliyyat çərçivəsində 12 nəfər barəsində saxlanılma qərarı verilib, onlardan 9-u saxlanılıb.
Lent.az NTV-yə istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu qərar verib.
Saxlanılanlar arasında telekanalın tanınmış aparıcıları Ece Üner Bayramoğlu və Deniz Bayramoğlu da var. Barəsində saxlanılma qərarı verilən xəbər koordinatoru Hakan Kürşad Oğuzun isə xaricdə olduğu bildirilir.
Prokurorluğun məlumatına görə, telekanalın sahibi Cafer Mahiroğlunun göstərişi ilə şübhəli şəxslərə rüşvət verilib. Onlar cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və üzv olmaq, yalan məlumat yaymaq, rüşvət, tenderlərdə saxtakarlıq və vergi qanunvericiliyini pozmaqda ittiham olunurlar.
Qeyd edək ki, telekanala qarşı oktyabrın 14-də və noyabrın 10-da keçirilən əməliyyatlar nəticəsində 10 nəfər həbs edilib. Kanala müvəqqəti idarəçi təyin olunub, sosial şəbəkə hesablarına giriş məhdudlaşdırılıb.
Telekanalın sahibi Cafer Mahiroğlu barəsində isə 2025-ci il iyunun 10-dan saxlanılma qərarı qüvvədədir.
