Biz ilanmələyən çölləri cənnətə çevirən adamlarıq…
12 noyabr 2026 15:44 (UTC +04:00)

Biz ilanmələyən çölləri cənnətə çevirən adamlarıq…

0

Əslində, belə olmalıydı: Kəndimiz yenidən inşa edildiyi üçün bizi təbrik etməli, xeyir-dua verməliydilər. Deməliydilər ki, yeni evləriniz xeyirli olsun. Cansağlığı ilə yaşayın. Qapılarınıza xeyir işlərə gələk.

Biz də xoş niyyətimizi ortaya qoymalıydıq: “Gözümüz üstdə yeriniz var. Qapılarımız üzünüzə açıqdır”.

Bəs nə baş verdi? 33 ildir yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda, darısqal, rütubətli evlərdə çürüyən adamlar evlərinin qapısını açmağa, çırağını yandırmağa macal tapmamış “tənqidçilərin” mülahizələrini dinləməli oldular. Hətta mənim doğma Soltanlımı konslagerə bənzədənlər də tapıldı.

Soltanlı kəndi “ağıllı kənd” konsepsiyası əsasında tikilib. Mən layihənin yüz faiz qüsursuz yerinə yetirildiyini iddia etmirəm. Çünki mühəndis deyiləm, heç vaxt ev tikib hasar hörməmişəm. Amma bilirəm ki, “ağıllı kənd”in əsas məqsədi insanın öz doğma torpağında rahat yaşamasını təmin etməkdir. “Ağıllı kənd”in sakini şəhərin xiffətini çəkməməlidir. Gəlin, “ağıllı kənd”ə keçmişlə gələcək arasında qurulan körpü kimi baxaq. Biz ata-babalarımızdan miras qalan torpağı, yovşanlı çölləri, uzun dərələri, boz təpələri çox sevirik. Amma həm də övladlarımızın müasir standartlara cavab verən bir kənddə yaşamasını istəyirik.

Bu barədə əvvəllər də yazmışam. 1993-cü ildə Cəbrayıl işğal olunanda biz Bakıya pənah gətirsək də, qohumlarımızdan biri Saatlı rayonunun Axundov kəndində məskunlaşdı. Qıtlıq, bahalıq olduğu üçün biz bir müddət görüşə bilmədik. İki il sonra Saatlıya gedəndə gördüm ki, həmin qohumumuz çətinlikləri arxada qoyaraq özünün şəxsi təsərrüfatını yaradıb. Biz ilk dəfə görüşəndə onun 130 qoyunu, 10 inəyi vardı. Qohumumun mal-qarasının sayı ilbəil artırdı. Mən çox sonralar bildim ki, qohumum mal-qarasını qurd-quşa yem etməmək üçün gecələr də fermada yatırmış...

Təxminən 25 il əvvəl Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlər üçün qəsəbələr inşa olundu. İndi həmin ərazidə 11 qəsəbə var. Bu qəsəbələrdə bizim Soltanlı kəndindən də bir neçə ailə yaşayır. İldə ən azı iki-üç dəfə həmin qəsəbələrə yolum düşür. Vaxtilə ilan mələyən bu çöllər indi yaşıllığa bürünüb. Yağışlı-çiskinli payız da, soyuq qış da həyətlərdəki gül-çiçəyi, yaşıllığı soldura bilmir.

Biz bu gözəlliyi doğma Soltanlı kəndində də yaradacağıq. Əmin olun ki, cəmi bir neçə ildən sonra Arazın həzin nəğməsi quzu mələşməsinə qarışacaq, ağacların budaqlarında bülbüllər ötəcək, güllərimiz yenə çiçək açacaq.

Biz ilanmələyən çölləri cənnətə çevirən adamlarıq…

Seymur Verdizadə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar