Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin hesabatına görə, "Mançester Yunayted" son beş ildə yüksək xərcli transferlər səbəbindən 400 milyon avro itirərək Avropanın ən pis idarə olunan futbol klubuna çevrilib. Antoni, Ceydon Sanço və Rasmus Hoylund kimi uğursuz transferlər klubun iqtisadi itkilərini daha da artırıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, futbol dünyasında transfer xərcləri və oyunçu qiymətləndirmələri ilə bağlı aparılan hərtərəfli araşdırma, “Mançester Yunayted”in son transfer strategiyasının tamamilə fiaskoya uğradığı qənaətinə gətirib.
İngiltərə Premyer Liqa komandası olan "Mançester Yunayted" son beş ildəki transfer siyasətinə görə Avropanın ən pis idarə olunan klubu seçilib.
Məlumata görə, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) Football Observatory tərəfindən hazırlanan bir araşdırma, 2021-ci ildən bəri transfer xərcləri 50 milyon avronu keçən klubların performansını araşdırıb. Araşdırmada transfer haqları, oyunçu satışlarından əldə edilən gəlir və heyətdəki oyunçuların bazar dəyərindəki dəyişikliklər nəzərə alınıb. Dəyəri 400 milyon avro azalan "Mançester Yunayted" Avropa klubları arasında sonuncu yerdə qərarlaşıb. Qlobal olaraq, onlar yalnız Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan irəlidə olublar.
"Mançester Yunayted"in son illərdəki yüksək xərcli transferləri kluba ciddi maliyyə itkiləri gətirib. Antonini 95 milyon avroya alıb, sonra isə onu "Real Betis"ə 25 milyon avroya satan ingilis komandası, Ceydon Sanço üçün Dortmund "Borussiya"sına ödədiyi 87 milyon avronu da geri ala bilməyib.
Rasmus Hoylundu 80 milyon avroya alan "Mançester Yunayted" oyunçu "Napoli"yə keçdikdə ciddi itki ilə üzləşib. Andre Onana, Meyson Maunt və Coşua Zirkzee kimi oyunçuların gözləntiləri doğrultmaması klubun transfer siyasətindəki problemlərin daha bir konkret nümunəsidir.