Polşanın paytaxtı Varşavada iki çoxmənzilli binanın arasında yerləşən qeyri-adi ev diqqət çəkir. Ən dar hissəsinin eni cəmi 92 santimetr olan tikilidə mətbəx, yataq otağı və hamam yerləşir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Keret evi adlanan tikilini memar Yakub Şçensnı layihələndirib. Ümumi sahəsi 14 kvadratmetr olan evin xarici eni 92-152 santimetr arasında dəyişir. Daxildə isə bu məsafə daha azdır, 72-122 santimetr.
Yerdən hündürdə qurulan evə yığılan pilləkən vasitəsilə daxil olmaq mümkündür. Pilləkən qaldırıldıqda yaşayış hissəsinin döşəməsinə çevrilir.
Tikintisi də adi evlərdən fərqlənib. İnşaatçılar qonşu binaların divarlarına və ərazinin altından keçən istilik borularına zərər vurmamalı olublar. Buna görə polad karkas əvvəlcə başqa yerdə hazırlanıb, sonra hissələrə bölünərək kranla iki binanın arasına yerləşdirilib.
Ev 2012-ci il oktyabrın 20-də açılıb. Ölçüləri Polşada yaşayış binaları üçün nəzərdə tutulan normalara uyğun gəlmədiyindən rəsmi olaraq sənət instalyasiyası sayılır.
İki mərtəbəli tikilinin daxilində sahədən mümkün qədər qənaətlə istifadə edilib. Kiçik mətbəxdə soba, çanaq və cəmi iki içki qabının yerləşdiyi soyuducu var. Masa arxasında eyni vaxtda yalnız iki nəfər otura bilir.
İnteryer ağ rəngdə hazırlanıb. İki pəncərə və işıq keçirən divarlar dar məkanın təbii işıqla təmin olunmasına kömək edir. Evin ayrıca kanalizasiya sistemi var, elektrik enerjisi isə qonşu binadan verilir.
Tikili ilk sakini olan israilli yazıçı və rejissor Etqar Keretin şərəfinə adlandırılıb. Anası Varşavada doğulan yazıçı bu evi Holokost zamanı həlak olan yaxınlarının xatirəsinə bir abidə kimi qiymətləndirib.
Keret evi yaradıcı insanların yaşayıb işləyə bildiyi sənət məkanı kimi istifadə olunur. Məlumata görə, 2018-ci ilədək burada müxtəlif ölkələrdən 40 nəfər qalıb.