2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının finalına ev sahibliyi etmək uğrunda İspaniya və Mərakeş arasında mübahisə yaranıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın müxalif Xalq Partiyasının lideri Alberto Nuny es Feyxoo finalın Mərakeşdə keçiriləcəyi təqdirdə ölkəsinin turnirdən imtina edə biləcəyini bildirib.
Noyabrın 5-də “El Chiringuito” proqramında çıxış edən siyasətçi final qarşılaşmasının mütləq İspaniyada təşkil olunmalı olduğunu vurğulayıb. O, hakimiyyətə gələcəyi təqdirdə bu məsələdə sərt mövqe tutacağını açıqlayıb.

İspaniyanın Baş naziri Pedro Sançes də finalın ölkəsində keçirilməsi üçün çalışdıqlarını bildirib. Milli komandanın baş məşqçisi Luis de la Fuente də eyni mövqeni dəstəkləyib.
Mərakeş Futbol Federasiyasının prezidenti Fuzi Lekcaa isə finalın Kasablankada keçiriləcəyinə əmin olduğunu söyləyib. Lakin ölkənin Baş naziri Əziz Axannuş bu məsələnin İspaniya və Portuqaliya ilə hələ razılaşdırılmadığını açıqlayıb.
FIFA isə finalın keçiriləcəyi şəhərlə bağlı yekun qərar verməyib. Qurum qərarın müvafiq vaxtda açıqlanacağını bildirib.
Qeyd edək ki, 2030-cu il dünya çempionatının əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq.