İtaliyada lotereya şirkətinin beş keçmiş əməkdaşının 24 milyon avro məbləğində uduş əldə etməsinə imkan verən fırıldaq sxemi üzə çıxarılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, istintaqın versiyasına görə, şübhəlilər hansı lotereya biletlərinin böyük məbləğdə uduş gətirəcəyini əvvəlcədən öyrənərək qohumlarını və tanışlarını həmin biletləri almağa göndəriblər.
Roma maliyyə polisinin araşdırması nəticəsində müəyyən edilib ki, şübhəlilərin lotereya operatorunun kompüter sistemlərinə çıxışı olub. Onlar xidməti hesablarından istifadə edərək uduşlu biletləri satışa çıxarılmamışdan əvvəl müəyyənləşdirə və həmin biletlərin hansı satış məntəqələrinə göndəriləcəyini izləyə biliblər.
Bundan sonra biletləri onların etibar etdiyi şəxslər alıblar.
İstintaq ümumilikdə dörd belə hadisə aşkar edib. Biletlərdən ikisi 7 milyon, digər ikisi isə 5 milyon avro uduş gətirib.
İş üzrə şübhəli bilinən şəxslər əvvəllər “Lottomatica Holding” şirkətində çalışıblar. Hazırda “Brightstar” adlanan şirkətin özünün fırıldaqçılıqda iştirak etdiyi iddia edilmir.
Latsio regionunun Hesablama Palatasının qərarı ilə şübhəlilərin 25 milyon avrodan çox dəyəri olan əmlakı və maliyyə aktivləri üzərinə həbs qoyulub.
Həbs edilən əmlaklar arasında İtaliyanın müxtəlif bölgələrində yerləşən 25 daşınmaz əmlak, ümumilikdə beş avtomobil və motosiklet, həmçinin pul vəsaitləri var.
İstintaq hesab edir ki, əməkdaşların hərəkətləri uduşların təsadüfi bölüşdürülməsi prinsipini pozduğu üçün dövlətə zərər vura bilər.
İş üzrə yekun qərar hələ qəbul edilməyib. Məhkəmə təqsirləndirilən şəxslərin məsuliyyətini müəyyənləşdirməli və həbs qoyulmuş əmlakın sonrakı taleyi barədə qərar verməlidir.