Azərbaycanda milli radionun yaradılmasından və ilk radio verilişinin səslənməsindən 100 il ötür. Bu münasibətlə ölkəmizdə televiziya və radio işçilərinin peşə bayramı qeyd olunur.
Jurnalistlərin gündəlik fəaliyyəti bəzən gözlənilməz hadisələrlə müşayiət olunur. Onlar üçün iş saatı anlayışı çox vaxt ikinci plana keçir. Xəbər varsa, istirahət də, şəxsi planlar da gözləməli olur. Bu günü qeyd edən APA TV əməkdaşları üçün də hər zaman ön planda peşə fəaliyyətlərinin icrası dayanıb. Hətta onlar işin təcili məqamları səbəbindən əlamətdar günü qeyd etmək üçün kəsilən tortu belə yarımçıq qoyaraq vəzifələrinin başına tələsməli olublar.

Bu hadisə televiziya işçilərinin gündəlik həyatında operativliyin nə qədər vacib olduğunu bir daha göstərir. Çünki tamaşaçıya xəbəri vaxtında çatdırmaq, hadisələri yerindən işıqlandırmaq və ictimaiyyəti məlumatlandırmaq onlar üçün hər zaman ön plandadır.
Lent.az-a açıqlamasında APA TV-nin əməkdaşları da bu əlamətdar gündə peşələrinin çətinliklərindən, maraqlı tərəflərindən və işlərinə olan sevgilərindən danışıblar.
APA TV-nin baş direktoru Orxan Məmmədli bildirib ki, 100 illik tarixdə minlərlə hekayə, milyonlarla xatirə var:
"Azərbaycanda milli radionun yaradılmasından və ilk radio verilişinin səslənməsindən artıq bir əsr ötür. Bir çox ölkələr içində bu cür texnoloji yeniliyə tez çatmağımız bizim xoşbəxtliyimizdir. Çünki bəzi ölkələr bizdən 20-30 il sonra bu yeniliyə çatıb. Kiçik ölkə olmağımıza baxmayaraq, dəyərlərimiz hər zaman böyük olub. Biz televiziya işçiləri çox diribaşıq, ildə 3-4 dəfə bayram keçiririk. Əslində bu gün radio işçilərinin bayramıdır. Teleradio sahəsi çox maraqlı və yenilikçidir. Bir növ bataqlıqdır. Düşürsən, çıxmaq olmur. Bunun zanbağı da, ətri də, şəfəq düşən yerləri də var. Ona görə də bu sahədən əl çəkə bilmirsən. 100 illik tarixdə minlərlə hekayə, milyonlarla xatirə var. Azərbaycan radiosunun daim yaşamasını arzu edirəm. Bütün həmkarlarımızı təbrik edirəm. Özünü yorulmuş hiss edən həmkarlarıma demək istəyirəm ki, zanbaq bir qədər irəlidədir. Yorulmasınlar. Mən zəhmətin gətirdiyi uğura, həmçinin mədəniyyətə inanıram".
APA TV-nin redaktoru Sübhan Şərif qeyd edib ki, televiziya təkcə jurnalistika deyil, həm də dərin estetik qayğılar daşıyan sənət sahəsidir:
"Televiziya vasitəsilə bir xalqın incəsənəti, mənəvi dəyərləri, tarixi, milli kimliyi, sanki, canlanır, audio-vizual şəkildə evimizə qədəm qoyur. İllərdir, bu möhtəşəm sahənin işçiləri bu uğurda öz əməyini, zəhmətini ortaya qoyur, bəzən maarifləndirir, bəzən ölkəmizin önəmli hadisələrini ekrana daşıyaraq sənədləşdirirlər. İstər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində ön xətdən reportajlar hazırlayan qəhrəman jurnalistlərimiz buna yaxşı örnəkdir.
Bu qədər əhəmiyyətli vəzifənin icrasında iştirak edən bütün televiziya əməkdaşlarını – əziz həmkarlarımızı səmimi qəlbdən təbrik edirəm. Hər birimizə yaradıcılıq ilhamı, tükənməz enerji, estetik zövq və maarifləndirici fəaliyyətlərlə dolu uğurlu həyat arzulayıram. Peşə bayramımız mübarək!"
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülən APA TV internet televiziyasının redaktoru və aparıcısı İlhamə Rəsulova əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb:
"Azərbaycan teleradiosu böyük yol keçib və bu yolun bir parçası olmaqdan, bu yolda addımlamaqdan qürur duyuram. Əməyinin qiymətləndirilməsi çox gözəl duyğudur. Həm də illərinin boşa getmədiyini görürsən. 25 ildir ki, bu sahədə qələmimlə külüng salmışam. Bu mənada əməyimin qiymətləndirilməsini hiss etmək böyük motivasiya verir. Məhz APA kimi nüfuzlu agentliyin təqdimatı ilə bu medalı almaq xüsusi sevincdir. Əməyi keçən hər kəsə təşəkkür edirəm".
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülən APA TV-nin operatoru Ziya Allahyarov əməyinə göstərilən qayğıya görə təşəkkürünü çatdırıb:
"Əməyimi qiymətləndirdiyi üçün Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Həmçinin, APA Group-un Baş Direktoru Vüsalə xanım Mahirqızına da öz dərin təşəkkürlərimi çatdırıram. "Tərəqqi" medalı ilə belə özəl gündə dəyərləndirməyim məni çox sevindirdi. Bu peşə çətin olduğu qədər, həm də məsuliyyətli və şərəflidir. Bu yolda bərabər addımladığımız bütün həmkarlarımı da ürəkdən təbrik edirəm".
Müxbir Fəridə Fərrux bu peşənin çətin olduğu qədər həm də məsuliyyətli olmasını vurğulayıb:
"Bir televiziya işçisi hər zaman gündəmdən xəbərdar olmalı və hər sahədən müəyyən qədər anlayışı olmalıdır. Hər bir hadisədə, hər bir problemdə neytral tərəfdə dayanıb gerçəkliyi çatdırmalısan. Mən düşünürəm ki, bu peşə olduqca çətin olduğu qədər həm də məsuliyyətlidir. İkinci Vətən Müharibəsində də medianın gücünü daha yaxşı görə və duya bildik. Bizə hər şeyi daha aydın formada göstərən və işıqlandıran məhz media idi. Bu günün də önəmi çox böyükdür. Hər bir həmkarımı təbrik edirəm. Qələmimiz iti olsun".
Süni intellekt üzrə redaktor Nərminə Kamalova deyib ki, bugünkü jurnalistika yalnız xəbəri çatdırmaq deyil, həm də texnologiyanın imkanlarından düzgün istifadə edərək çatdırmaqdır:
"Azərbaycan radiosunun 100, televiziyasının isə 70 illik yubileyi media tariximiz üçün əlamətdar hadisədir. Artıq iki ilə yaxındır ki, APA TV-də çalışıram və bu müddətdə mediada baş verənlərin şahidi oluram.
Məlumumuzdur ki, bu günkü jurnalistika yalnız xəbəri çatdırmaq deyil, həm də texnologiyanın imkanlarından düzgün istifadə edərək çatdırmaqdır. Bilirsiniz ki, APA TV üçün operativlik əsas prioritetlərdən biridir və bu istiqamətdə süni intellektin imkanlarından da yararlanırıq.
Hazırda süni intellekt vasitəsilə xəbərlərin səsləndirilməsi və başlıqların hazırlanması prosesində iştirak edirəm.
Texnologiya dəyişsə də, jurnalistikanın əsas missiyası dəyişmir: cəmiyyətə doğru, operativ və etibarlı informasiya çatdırmaq.
Bu günün texnologiyalarından istifadə edərək sabahın mediasının formalaşmasında pay sahibi olduğum və APA TV-nin bu inkişaf yolunda bir parçası olduğum üçün şanslıyam.
Bu inkişafın bir parçası olmaq mənim üçün həm maraqlı, həm də qürurvericidir".
Bölgə redaktoru Babayeva Aişə bölgələrdə çalışan müxbirlərin zəhmət və fədakarlığından danışıb:
"Bu gün Teleradio əməkdaşlarını təbrik edərkən, bölgələrdə çalışan müxbirlərimizin zəhmətini və fədakarlığını da xüsusi qeyd etmək istəyirəm. Bölgə redaktoru olaraq yaxşı bilirəm ki, efirdə səslənən hər bir xəbərin, hər bir süjetin arxasında böyük əmək, məsuliyyət və görünməyən zəhmət dayanır. Bölgələrdə çalışan müxbirlərimiz bəzən çətin hava şəraitində, uzaq məsafələrdə, gecə-gündüz demədən hadisələrin içində olurlar. Onların çəkilişdən montaja, məlumat toplamaqdan xəbərin hazırlanmasına qədər keçdikləri yol heç də həmişəgörünmür. Teleradio yalnız efirdə görünən simalardan ibarət deyil. Onun arxasında bölgələrdən gələn xəbərlər, fədakar müxbirlərimizin əməyi və böyük bir komandanın zəhməti dayanır. Bu əlamətdar gündə bütün Teleradio əməkdaşlarını, xüsusilə bölgələrdə çalışan həmkarlarımızı ürəkdən təbrik edir, hər birinə uğurlar, sağlamlıq və yeni yaradıcılıq nailiyyətləri arzulayıram. Əməyiniz hər zaman dəyər görsün, səsiniz və sözünüz daim eşidilsin!
Montajçı Fatimə Əliqızı bildirib ki, bu peşə xalqa xidmət edir və əməkdaşlar operativliyi daim qoruyur:
"Redaksiyamızda gecəsini gündüzünə qatan, hər xəbəri ürəyindən süzüb efirə daşıyan bütün əziz həmkarlarımı, xüsusən də səngiməyən operativliyi ilə hər zaman seçilən dostlarımı ürəkdən təbrik edirəm. Yaxşı ki varsınız, hər birinizlə eyni komandada addımlamaq çox xoşdur.Qoy səsimiz heç vaxt zəifləməsin, hər birimizin efiri və qələmi həmişə iti, uğurlarımız isə bol olsun!"
Montajçı Vasif Abbasxanlı peşə günü münasibətilə həmkarlarını təbrik edib:
"Peşə bayramımız münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Çiyin-çiyinə çalışmaq, hər çətinliyi birgə aşmaq və eyni həyəcanı bölüşmək böyük qürurdur".