İsa peyğəmbər harada vəftiz olunub?
06 noyabr 2026 14:29 (UTC +04:00)

İsa peyğəmbər harada vəftiz olunub?

0

Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İordaniyanın Haşimilər Universitetinin professoru Məhəmməd Vəhibin bu mövzuda məlumat yayıb.

Qazıntılar zamanı hansı tikililər aşkarlanıb?

Tədqiqatçı İordan çayının şərq sahilində, Tell-Mar-Elyasın - “İlyas təpəsi”nin yaxınlığındakı Vadi əl-Xərrar vadisində 1996-2002-ci illərdə aparılan qazıntıların nəticələrini təhlil edib.

Arxeoloji işlər zamanı Roma, Bizans və erkən İslam dövrlərinə aid tikili qalıqları aşkarlanıb. Tapıntılar arasında kilsələr, vəftiz hovuzları, ibadət zalları və mürəkkəb su qurğuları olub.

Məhəmməd Vəhib dini təyinatlı tikililərlə eramızın I əsrinə aid yaşayış evlərinin qalıqlarını bir-birindən fərqləndirib. Əldə olunan dəlillər ərazidə Vəftizçi Yəhyanın və İsa peyğəmbərin yaşadığı dövrdə də yaşayış olduğunu göstərir. Sonrakı əsrlərdə isə bu məkan erkən xristianlığın mühüm ziyarət mərkəzlərindən birinə çevrilib.

Qədim səyyahların qeydləri nə göstərir?

Məkanın dəqiq yerini müəyyənləşdirmək üçün alim arxeoloji məlumatları qədim zəvvarların yazılı qeydləri ilə müqayisə edib.

Araşdırmada iki mənbə əsas rol oynayıb. Bunlardan biri “Bordo zəvvarı” kimi tanınan səyyahın eramızın 333-cü ilinə aid qeydləri, digəri isə Feodosinin 530-cu ilə aid əsəridir.

Hər iki mənbədə vəftiz yerinin İordan çayının Ölü dənizə töküldüyü nöqtədən düz beş mil məsafədə yerləşdiyi göstərilir. Tədqiqatçının qənaətinə görə, bu məsafə aşkarlanan tikili qalıqlarının coğrafi mövqeyi ilə tam uyğun gəlir.

Şərq və qərb sahilləri ilə bağlı fikir ayrılığı necə yaranıb?

İsa peyğəmbərin vəftiz olunduğu yerlə bağlı əsrlər boyu davam edən qeyri-müəyyənlik qismən erkən xristian ilahiyyatçısı Origenin əsərləri ilə əlaqələndirilir.

Origen yaşadığı dövrdə çay sahilində həmin yaşayış məntəqəsini tapa bilmədiyi üçün Yəhya İncilinin müvafiq hissəsində şərq sahilindəki “Vifaniya”dan deyil, qərb sahilində yerləşən “Vifavara”dan bəhs olunduğunu ehtimal edib.

Məhəmməd Vəhib isə Madabadakı məşhur mozaika xəritəsinə istinad edərək bu fərziyyəni rədd edib. Materialda V-VI əsrlərin qovşağına aid olduğu bildirilən xəritədə çayın hər iki sahilindəki məkanlar fərqli adlarla göstərilib.

Tədqiqatçının fikrincə, bu, Vifaniya və qarşı sahildə yerləşən Vifavaranın iki ayrı yaşayış məntəqəsi olduğunu göstərir.

Qalıqlar niyə indi çaydan aralıda yerləşir?

Bu gün qədim tikili qalıqlarının sudan müəyyən məsafədə yerləşməsi çayın məcrasının əsrlər ərzində təbii şəkildə dəyişməsi ilə izah olunur. Daşqınların da ərazinin görünüşünə və çay yatağının dəyişməsinə təsir etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar