Türkiyə Rivyerası həm qiymət, həm də nəqliyyat rahatlığı baxımından Maldiv adalarına alternativ kimi göstərilir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, payız aylarında çimərlik mövsümünü uzatmaq istəyən turistlər üçün Türkiyə Rivyerası uzaq ekzotik istiqamətlərə getdikcə daha populyar alternativə çevrilir. Burada isti dəniz, günəşli hava, antik dövrə aid tarixi abidələr və dəbdəbəli istirahət kompleksləri bir araya gəlir.
Bölgənin əsas turizm məkanlarından biri eramızdan əvvəl VII əsrdə əsası qoyulan qədim Side şəhəridir. Burada Roma forumu, antik teatr və bərpa edilmiş qədim yunan fəvvarəsi kimi tarixi abidələr qorunub saxlanılıb. Fəvvarə vaxtilə dağlardan şəhərə su çatdırmaq üçün istifadə edilən mühəndislik həllərini nümayiş etdirir. Yerli bələdçi İsmətin sözlərinə görə, şəhərin qədim infrastrukturu xüsusilə heyranedicidir. Təxminən iki min il əvvəl qurulan drenaj sistemi bu gün də fəaliyyət göstərir.
Bələdçi Sideni “Dünyanın mərkəzi” adlandıraraq şəhərin qədim ticarət yollarının mühüm qovşağı kimi tarixi əhəmiyyətini vurğulayıb. Lakin bölgə turistləri yalnız zəngin tarixi ilə cəlb etmir. İsmətin sözlərinə görə, burada ildə təxminən 320 gün günəşli hava müşahidə olunur və payız istirahət üçün ən əlverişli mövsümdür. Oktyabr və noyabr aylarında gündüz havanın temperaturu təxminən 27 dərəcə olur, dəniz suyu isti qalır, turistlərin sayı isə yay ayları ilə müqayisədə xeyli azalır.
Şəhərə turist kimi səfər edən məqalə müəllifi hesab edir ki, Türkiyə Rivyerası istirahət imkanlarına görə Maldiv adaları ilə rəqabət apara bilər. Üstəlik, bölgənin mühüm üstünlükləri də var. Avropadan buraya səyahət daha az vaxt aparır və uzun uçuşlardan sonra yaranan saat qurşağı fərqinə uyğunlaşma problemi yaşanmır.