Krım tatar türklərinin milli lideri Mustafa Əbdülcəmil Kırımoğlu, Krımın muxtar statusu ilə bağlı bütün məsələlərdə Ukrayna hökuməti ilə razılığa gəldiklərini açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, müharibə səbəbindən konstitusiya dəyişikliklərinin edilə bilməyəcəyini bildirən Kırımoğlu deyib: "Azad Krım həm də Krım tatarlarının muxtar dövləti olacaq”.
Kırımoğlu, şərtlər tələb edərsə, sürgündə bir respublika elan edə biləcəklərini də söyləyib.
Kırımoğlu Krım Muxtar Respublikası üçün hazırlıqların başa çatdığını və Ukrayna hökuməti ilə lazımi müzakirələr apardıqlarını bildirib. O, davam edən müharibənin konstitusiya tənzimləmələrinə mane olduğunu qeyd edərək əlavə edib: "Muxtariyyətlə bağlı hər şeydə razılığa gəldik. Yüz minlərlə sürgün edilmiş krımlı öz vətənlərində, öz bayraqları altında yaşamaq üçün geri dönəcək".
"Atəşkəs daha böyük bir müharibənin yolunda bir daği olardi"
Bildirildiyinə görə, Rusiya-Ukrayna müharibəsində sülh danışıqlarını qiymətləndirən Kırımoğlu, davamlı sülhün yalnız Krım da daxil olmaqla, işğal olunmuş bütün Ukrayna ərazilərinin geri qaytarılması ilə mümkün olacağını iddia edib. Mümkün atəşkəsin yalnız Rusiya üçün vaxt qazandıracağını iddia edən Kırımoğlu deyib: "Bu, yalnız vaxt qazanmaq üçün bir manevr olardı. Tərəflər daha böyük bir müharibə üçün rahat bir nəfəs alacaqlar".
O, həmçinin Rusiyanın hərbi itkilər və iqtisadi sanksiyalar səbəbindən çətinlik çəkdiyini iddia edib.

"Məqsəd türklərsiz asiya və anadoludur"
Rusiyanın regional məqsədləri ilə bağlı qiymətləndirmələr aparan Kırımoğlu, Aleksandr Duqinin paylaşdığı xəritədə Türkiyənin və bir çox türk respublikalarının Rusiya ərazisi kimi göstərildiyini iddia edib. Bu yanaşmanı "türklərsiz Asiya, Qafqaz və Anadolu" hədəfi kimi xarakterizə edən Kırımoğlu, Krımın Türkiyənin Qara dəniz təhlükəsizliyi üçün də strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sürgündə respublika elan edilə bilər
Ukrayna hakimiyyəti ilə muxtariyyət barədə razılığa gəldiklərini təkrarlayan Kırımoğlu, şərtlər tələb edərsə, sürgündə respublika elan edə biləcəklərini söylədi. 2014-cü ildə Rusiyanın Krımı işğalından bəri Türkiyənin Krımla bağlı qəti mövqeyini qoruduğunu bildirən Kırımoğlu, prioritetlərinin azad Krıma qayıtmaq olduğunu söyləyib.
Türkiyədə təxminən 4 milyon, dünyada isə 7 milyondan çox Krım tatarının yaşadığını bildirən Kırımoğlu, yüz minlərlə insanın vətənlərinə qayıtmağı gözlədiyini söyləyib. İşğaldan sonra Rusiyanın yarımadaya təxminən 1 milyon rus yerləşdirdiyini iddia edən Kırımoğlu deyib: "Yarımadamız əsl sahiblərini gözləyir. Birləşmə uzaqda deyil".