Bu ilin yanvar ayında həmkarı Dəniz Əsədovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunaraq məhkəməyə verilən bəstəkar Cabbar Musayevdən yeni xəbər var.
Dəniz Əsədova Lent.az-a açıqlamasında bildirib ki, bu dəfə Cabbar Musayev onu məhkəməyə verib və 10 min manat təzminat almaq niyətindədir:
"Cabbar Musayev mülki qaydada təhqir maddəsi ilə məni ittiham edir. 10 min manat dəyərində təzminat istəyir. İş Binəqədi rayon Məhkəməsindədir və hakim İlkin Əliyevin icraatında baxılacaq. Bundan əlavə, 2022-ci il aprelin 22-də çıxarılan hökmə əsasən, ekspertiza olunmadan cəza təyin olunub. Bununla bağlı Ali Məhkəməyə şikayət etdim ki, işə yenidən baxılsın.
Cabbar Musayev münasibətdə olduğu Nigar Qasımzadə ilə birlikdə rəhmətə gedən anamı təhqir etməklə yanaşı, azyaşlı qız övladımı da ittiham ediblər. Bundan başqa, onlar əxlaqıma, həyat tərzimə uyğun olmayan şər və böhtan xarakterli şəhrlər yazıblar".
Məsələ ilə bağlı Cabbar Musayevlə əlaqə saxladıq. O, bildirdi ki, bu barədə danışmaq istəmir və Dəniz Əsədovanı müğənni kimi tanımır:
"Bunların heç birindən xəbərim yoxdur. Bu işlərin hamısını vəkilim Hikmət bəy həll edir. Ümumiyyətlə, onu müğənni hesab etmirəm. İllərin sənətçilərinə də müğənni deyirsiniz, izi-tozu bilinməyən birinə də? Heç olmasa, ifaçılığa başlayan biri deyin. Müğənnidir ki o? Bir araşdırın, görün, kimdir o? O, məni sosial şəbəkələrdə təhqir edib. Binəqədi rayon Məhkəməsində, sonra Apelyasiya Məhkəməsində də işi uduzub.
Bu il dekabrın 15-də Ali Məhkəmədə üzləşəcəyik. İnşallah, orada da uduzacaq. Bilirsiniz, çox şeyləri açıb danışa bilmirəm. Ali Məhkəmə öz qərarını verəcək".
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara əsasən, Dəniz Əsədova Cabbar Musayevin tələbəsi olub.