“Əslində, Rüstəm İbrahimbəyovun Azərbaycana qayıda bilməyəcəyi məlum olan andan Milli Şura ideyası və faktiki olaraq Milli Şura buraxılmış hesab olunmalı idi. Sonrakı dövrdə yaradılan Milli Şura isə əvvəlki qurum deyildi”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şurada baş verən proseslər və Eldar Namazovun qurumdan istefasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Milli Şuradakı proseslər təşkilatlanmanın siyasi prinsipləri pozulduğuna görə baş verir: “Bu baxımdan mən Milli Şuranın dağılmasını hələ seçkilərdən əvvəl, Rüstəm İbrahimbəyovun Azərbaycana gələ bilmədiyi məlum olanda qəbul etmişdim. Milli Şurada təmsil olunan qüvvələr sonrakı dövrdə də bir çox səhvlərə yol verdi. Milli Şura islahatlara getməli, məqsəd və vəzifələrinə yenidən baxmalı idi”.
S.Cəlaloğlu qeyd edib ki, Milli Şurada konstruktiv qüvvələr üstünlük təşkil etdiyinə, müəyyən dəyişikliklər həyata keçirilmədiyinə görə qurum bugünkü vəziyyətə düşüb və nəinki Milli Şura, hətta İctimai Palata da siyasi səhnədən çıxıb.
O, “El” Hərəkatının sədri Eldar Namazovun Milli Şuradan istefasına da münasibət bildirib: “EL” Hərəkatının və Eldar Namazovun ətrafında 5-6 nəfər adam var. Eldar Namazovun nə təşkilatı, nə də hərəkatı var idi ki, bunu partiyaya çevirsin. Sadəcə, Milli Şuradan çıxmaq üçün bir bəhanə lazım idi. Eldar Namazov hamıdan yaxşı bilirdi ki, Rüstəm İbrahimbəyov yoxdursa, Milli Şura da artıq yoxdur. Fikir versək, görərik ki, hələ Müsavat Partiyası Milli Şuradan getməzdən əvvəl Eldar Namazov bəyanat verirdi ki, Milli Şuradan kənar hansısa qurum yaratmaq lazımdır. Beləliklə, o, Müsavat Partiyasından əvvəl də Milli Şuradan gedəcəyi barədə mesajlar verir, qurumun buraxılmasını, alternativ qurumlar yaradılmasının vacibliyini vurğulayırdı”.