Tanınmış bəstəkar Oqtay Rəcəbov ölümünə koronavirus infeksiyası səbəb olub.
Bu barədə Lent.az-a açıqlamasında sənətçinin qızı Almaz xanım məlumat verib. O bildirib ki, ailə üzvləri də infeksiyaya yoluxub:
"Ailəliklə koronavirusa yoluxduğumuz üçün bu gün dəfndə iştirak edə bilməyəcəyik. Çoxdandır səhhətimiz düzəlmir, sağalmamışıq. Atam da bundan rəhmətə getdi. Onunla vida mərasimi İllahiyyat məscidində olacaq və vəsiyyətinə uyğun olaraq Yasamalda, atasının yanında dəfn olunacaq. Dəfndə kimlərin iştirak edəcəyini bilmirik. Maraqlanan, başsağlığı verən hər kəsə təşəkkürlər".
Mərhumla vida mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşları və sənət adamlarının iştirak edib-etməyəcəyi barədə hələlik məlumat yoxdur.
Onu da qeyd edək ki, TƏBİB bəstəkarın koronavirus infeksiyasından dünyasının dəyişməsi faktını Lent.az-a təsdiqləyib:
"Oqtay Rəcəbovdan aidiyyəti poliklinika tərəfindən "COVID-19" üzrə yaxma testi götürülüb və dekabrın 15-i 2022-ci ildə testin nəticəsi pozitiv çıxıb. Elə həmin gün saat 2-də bəstəkarın ailəsi tərəfindən Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Müraciət briqadaya ötürülüb və Təcili tibbi yardım briqadası ünvana çatdıqda həkiməqədər ölüm faktı qeydə alınıb. Məlumata görə, ailə üzvləri daha öncə koronavirusa yoluxub və sağalıblar".
Qeyd edək ki, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov dünən axşam 81 yaşında vəfat edib.