Yaponiyada “Nintendo” şirkətinin keçmiş prezidenti Hirosi Yamauti 85 yaşında dünyasını dəyişib.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, keçmiş prezident xəstəxanada pnevmoniyadan vəfat edib.
Hirosi Yamautinin xidmətləri sayəsində şirkət kiçik oyun kartları istehsalçısından dünya video oyunlar bazarının liderinə çevrilib. “Nintendo”nun üçüncü prezidenti olan H.Yamauti şirkətə 53 il - 1949-cu ildən 2002-ci ilədək rəhbərlik edib. Bu müddət ərzində o, oyun və kolleksiya kartları ilə ticarət edən şirkəti dünyanın məşhur brendli video oyunlar şirkətinə çevirməyə müvəffəq olub. 7 noyabr 1927-ci ildə anadan olan Hirosi Yamauti 1949-cu ildə - hələ universiteti bitirməmişdən əvvəl “Nintendo”ya başçılıq etməyə başlayıb. Oyun kartları bazarının tənəzzülünə getdiyini anlayan Hirosi Yamauti şirkətin elektron formalı əyləncə növləri ilə məşğul olması qərarına gəlib.
“Nintendo” 1980-ci ildə dünyada məşhurlaşmağa başlayıb. İstedadlı dizayner Siqeru Miyamotonun köməyi ilə şirkət “Mario”, “Donkey Kong”, “The Legend of Zelda” və “Star Fox” kimi məşhur oyunlar buraxıb. 1983-cü ildə “Nintendo” “Family Computer”, 1985-ci ildə əfsanəvi “NES” oyunlarını buraxaraq şirkətin oyun sənayesinin liderinə çevrilməsinə öz töhfəsini verib. Hirosi Yamauti “Nintendo”dakı prezident vəzifəsini 2002-ci ildə tərk edərək şirkətin Direktorlar Şurasında öz yerini qoruyub. Lakin o, 2005-ci ildə şirkətin idarəetmə işlərindən birdəfəlik uzaqlaşıb.