“Prezident öz çıxışıyla dünyaya bir daha göstərdi ki, o, hansı miqyasda dövlət xadimidir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın sabiq xarici işlər naziri Qriqol Vaşadze Mixail Saakaşvilinin BMT-nin Baş Assambleyasının 68-ci sessiysındakı çıxışını şərh edərkən bildirib.
“10-11 ildir ki, mən bir vətəndaş və bir diplomat kimi prezidentin çıxışlarını dinləyirəm. Bu çıxış forma və məzmununa görə ən yaxşı çıxışdır. Prezident çıxışın gedişi zamanı nəinki Gürcüstan ictimaiyyətinə, həm də dünyanın qalan hissəsinə hansı miqyasda dövlət xadimi olduğunu bir daha göstərdi”, deyə Vaşadze bildirib.
Onun sözlərinə görə, prezident çıxışında beynəlxalq aləmin bildiyi lakin siyasi korrektəyə görə bu barədə danışmağa cəsarət etmədiyi həqiqətləri açıqlayıb.
"Prezident Rusiya və Rusiya layihələrinin yaratdığı təhlükəyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi və hər kəs cənab Putinin əhval-ruhiyyəsinin və yaxud, vərdişlərinin dəyişəcəyi barədə fikirləşirsə, çox səhv edir. Putin dünyanın qalan hissəsinə nə vəd edirsə, nəsə edir, ya da çox çalışır ki, nəsə etsin. Buna görə də Avrasiya Birliyi bu gün Gürcüstana, xüsusilə də bütün postsovet məkanına böyük təhlükə yaradır”, deyə Gürcüstan Xarici İşlər Nazirliyinin sabiq rəhbəri bildirib.