Davosda “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda qəbul keçirilib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev qəbulda iştirak edib.
Tədbiri açan Dünya İqtisadi Forumunun icraçı sədri Klaus ŞVAB bildirib ki, Azərbaycan prezidentinin Davos forumunda iştirakı sayəsində regiona maraq artır. “Bugünkü görüşümüz zamanı sizin baxışlarınız və siyasətinizlə bağlı ətraflı məlumat aldım. Açıqlamaq istərdim ki, bir ay bundan əvvəl Azərbaycanda olmuşam və hazırda ölkənizin inkişafı ilə bağlı bir sıra ssenarilər üzərində çalışırıq. Bunlar artıq Sizə təqdim olunub. Lakin işlər hələ də davam edir və avqust ayında biz yenidən sizinlə görüşüb əlavə məlumatlar təqdim edəcəyik. Yekun təqdimat bu ilin sonunda və ya gələn ilin əvvəlində baş tutacaqdır. Müxtəlif ssenarilər nəzərdən keçirilir. Təbii ki, biz əminik, ən müsbət ssenari reallaşacaq. Bununla da sizə xoş axşam və fəal müzakirə arzu edirəm”.
Qəbulda çıxış edən prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan yalnız enerji resurslarının təchizatçısı deyil, həm də tranzit ölkədir. “Mərkəzi Asiya dövlətləri öz təbii sərvətlərini bizim infrastruktur vasitəsilə nəql edir. Bu layihə həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələr üçün faydalı şərait yaradıb. Bu layihə tərəfimizdən icra edilən yeni bir layihənin başlanğıcı olub. Mən Türkiyəni və Avropanı əhatə edəcək boru kəməri, həmçinin Avropanın ən iri infrastrukturu hesab olunan “Şahdəniz-2” layihəsini nəzərdə tuturam. Ötən ilin dekabrında 25 milyard dollar dəyərində olan “XXI əsrin müqaviləsi” adlandırdığımız sənədi imzaladıq. Bu nailiyyət göstərir ki, qarşılıqlı dəstək və marağa əsaslanan geniş və səmimi əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir”.
Dövlət başçısının sözlərinə görə, bu gün biz nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində Mərkəzi Asiya dövlətləri ilə birgə çalışırıq. “Biz, eyni zamanda, Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək mühüm dəmir yolu layihəsi üzərində çalışırıq. Əslində bu, Çindən Böyük Britaniyaya qədər uzanan yeni “İpək Yolu”dur və ümid edirəm ki, artıq gələn il istifadəyə veriləcək. Bunların hamısı regional əməkdaşlığın müsbət əlamətləridir.
Təbii ki, siyasət sahəsi də mühüm rol oynayır. Region dövlətləri vaxtilə - 22 il əvvəl vahid bir ölkənin tərkib hissəsi olub. Bizim tarixən əlaqələrimiz var, ancaq əminəm ki, hər bir ölkə müstəqilliyinin bəhrəsini görür. Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik. Ölkələrimizin nailiyyətləri bazar iqtisadiyyatının və müstəqil siyasi inkişafın üstünlüklərini aydın nümayiş etdirir. Məsələn, 22 il əvvəl özəl sektorun ümumi daxili məhsulumuzda payı sıfır faiz idisə, bu gün bu göstərici 85 faizə bərabərdir.
Siyasi və iqtisadi transformasiya və sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasət uğurlu olub. Bu gün artıq Azərbaycan xarici ölkələrə sərmayə qoyur. Bunların hamısı olduqca qısa zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafa və böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür. Azərbaycana gəldikdə, biz bu gün diqqətimizi iqtisadiyyatımızın şaxələndirilməsinə yönəldirik. Ötən il qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı 10 faizə qədər olub və ümid edirəm ki, növbəti 10 il ərzində eyni inkişaf tempi təmin ediləcək”.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir. “Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39–cu yerə layiq görüb. Bu, əsasən islahatların və təbii sərvətlərimizin düzgün istifadə edilməsi, insan kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması və biznes imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub. Bir daha regionumuza göstərilən maraq və dəstəyə görə professor Şvaba və Davos İqtisadi Forumuna təşəkkürümü bildirərəm. Bu, mənim Davosa səkkizinci səfərimdir və bu, Azərbaycanın təbliği və təmasların qurulmasında çox faydalı olub”.