Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov yanvarın 22-də NATO-nun Mənzil Qərargahında keçirilən Alyansın Hərbi Komitəsinin iclaslarında iştirak edib.
Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən Lent.az-a erilən məlumata görə, iclaslarda NATO-nun hazırda Əfqanıstanda apardığı «ISAF» əməliyyatındakı cari vəziyyət müzakirə edilib. Əsas diqqət isə NATO-nun 2014-cü ildən sonra bu ölkədə aparacağı «Təlim, Məsləhət və Dəstək üzrə Missiyası»nın planlamasına yönəlib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi bu əməliyyatın planlaması ilə bağlı həmin iclasda iştirak edib.
Məlumat üçün qeyd etmək istərdik ki, yanvarın 15-də prezident İlham Əliyev NATO-da çıxışı zamanı Azərbaycanın bu əməliyyatda iştirak edəcəyini bir daha qeyd edib.
NATO Mənzil Qərargahında keçirilən sonuncu iclas Alyansın Hərbi Komitəsinin Avro-Atlantika Tərəfdaşlıq Şurası formatında olub. İclasda NATO və Avro-Atlantika Tərəfdaşlıq Şurasında təmsil olunan tərəfdaş ölkələr arasında hərbi əməkdaşlıq, yeni təşəbbüslər və gələcək planlar müzakirə edilib.