Əli Həsənov: “Beynəlxalq təşkilatların qərarları kağız üzərində qalır ”
17 mart 2014 15:08 (UTC +04:00)

Əli Həsənov: “Beynəlxalq təşkilatların qərarları kağız üzərində qalır ”

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov martın 17-də Yunanıstan Parlamentinin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yunanıstandan olan üzvü Marias Epameinondasla görüşüb. Komitədən Lent.az-a verilən məlumata görə, Ə. Həsənov avropalı deputata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonağın diqqətinə çatdırıb.

Ə. Həsənov vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edilib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilib: “Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir”.

Yunanıstan Parlamentinin deputatı Ermənistanın Azərbaycana qarşı təcavüzü və doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən xəbərdar olduqlarını söyləyib. O, Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri yerinə yetirməməsinin təəssüf doğurduğunu vurğulayıb, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəklərini söyləyib.


Sonda qonağa “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar