El” hərəkatının sədri Eldar Namazov Milli Şurada fəaliyyət göstərib-göstərməyəcəyi haqda qərarını verib.
Eldar Namazov Milli Şuradan getdi. Bunu Qaynar.info-ya Eldar Namazovun özü bildirib. Onun sözlərinə görə, “El” hərəkatı ilə Milli Şuranın münasibətinə bir müddət əvvəl aydınlıq gətiriblər: “Biz Milli Şurada iştirak edib-etməməklə bağlı qərarın fərdi qaydada verilməsini düzgün hesab etmişdik. “El” Hərəkatının Milli Şurada olan üzvlərinin bəzisi bu qurumdan çıxdığını bildirib, bəzi üzvlərimiz isə Milli Şurada fərdi qaydada fəaliyyətini davam etdirir. Mənim özüm də, mətbuata açıqlamam zamanı bildirmişdim ki, gələcək fəaliyyətimi daha çox hərəkatın təşkilatlanma məsələlərinə həsr etməyi planlaşdırıram. Yanvarın 24-də hərəkatın İdarə Heyətinin toplantısı keçirilib, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və Təşkilat Komitəsinə sədrlik mənə həvalə olunub. Bizi qarşıda kifayət qədər böyük təşkilati işlər gözləyir. Eləcədə qurultayın keçirilməsi, hərəkatın rəsmən dövlət qeydiyyatına alınması, qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştirak etmək kimi niyyətimiz var. Bütün bu işlərin çoxluğunu nəzərə alaraq, mən Milli Şurada fərdi fəaliyyətimə xitam verirəm”.
Eldar Namazov sonda Milli Şurada qalan, eləcə də bu qurumdan çıxan və əvvəldən Milli Şuraya qoşulmayan dostlara uğurlar arzu edib.