Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyəti niyə dayanıb? – SƏBƏB
27 yanvar 2014 15:06 (UTC +04:00)

Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyəti niyə dayanıb? – SƏBƏB

Bu gün Avropa Şurası Parlament Assambleyanın (AŞPA) sədri Jan-Klod Minyon qurumun rəhbəri qismində son mətbuat konfransını keçirib.


 

APA-nın Avropa Bürosunun xəbərinə görə, Jan-Klod Minyon bu və ya digər məsələlərlə yanaşı, Azərbaycanla bağlı məsələlərə də toxunub.

 

APA-nın “sədrliyiniz dövründə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qurumda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasındakı görüşlərin təşəbbüskarı kimi hansısa nəticəyə nail oldunuzmu?” sualına cavab olaraq J.K.Minyon iki il ərzində bu məsələ ilə bağlı əlindən gələni etdiyini söyləyib: “Sədrliyim zamanı çalışmışam ki, “dondurulmuş münaqişələr” adlandırdığımız məsələlərə dair kiçik də olsa, öz şəxsi töhfəmi verim. Azərbaycanla Ermənistanı üz-üzə qoyan Dağlıq Qarabağ münaqişəsinə dair parlament diplomatiyası vasitəsilə danışıqların aparılması buna bir misaldır. Ciddi uğur qazanmasaq da, hər halda, burada tərəflər arasında dialoqu bərpa edə bildiyim üçün çox məmnunam. Hər iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri bu məsələyə çox konstruktiv yanaşırdılar. Son zamanlar Assambleyadakı plenar iclaslarda da tərəflər arasında bir-birinə qarşı ittihamların sayı get-gedə azalır və bu da o deməkdir ki, nümayəndə heyətlərinin üzvləri bu görüşlərdən hansısa müsbət mesajları alıblar”.

 

J.K.Minyon AŞPA sədri seçildikdən sonra Dağlıq Qarabağ üzrə alt komitənin işini davam etdirmədiyini, münaqişənin bu formatda həllinə qarşı çıxdığını xatırladıb: “Çünki bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur və mən də başqa təşkilatın təmsilçisi olaraq bu təşkilatın işlərinə qarışmağın tərəfdarı deyiləm. ATƏT-də də rotasiya prinsipi ilə sədrlik aparılır. Ukraynadan sonra İsveçrə sədrlik edir, ondan sonra Serbiya rəhbərlik edəcək. Bu ölkələr də təşkilat daxilində münaqişənin həlli istiqamətində mühüm işlər görürlər. Bundan başqa, sədrliyim vaxtı Minsk Qrupunun həmsədrləri, xüsusən də fransalı həmsədr Jak Forla görüşlər keçirmişəm. Onunla çox məhsuldar görüşlərim olub. Eyni zamanda Bakıda və İrəvanda hər iki ölkənin xarici işlər nazirləri, prezidentləri ilə mühüm görüşlər keçirib, ATƏT-in Minsk Qrupunun təklif etdiyi Madrid prinsipləri kimi məsələləri müzakirə etmişik. Hesab edirəm ki, bütün bu məsələlərdə ümid etdiyimizdən az olsa da, yenə də irəliləyişlər var. Ən azı bu gün Assambleyamız daxilində dialoq mövcuddur və fikrimcə, bu görüşləri davam etdirmək lazımdır”.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518
avatar

Oxşar yazılar