“Hazırda Azərbaycanla strateji tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı danışıqlar aparırıq. Bu sənəd bir sıra sahələri, o cümlədən iqtisadiyyatı, qanunun aliliyini və digər sferaları əhatə edir. Düşünürəm ki, bu sənəd assosiasiya sazişi ilə bir-birini tamamlayacaq”.
APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) təşkil etdiyi görüşdə deyib. O bildirib ki, Avropa Birliyi dünyanın ən iri bazarıdır: “Avropa Birliyi böyük potensiala malikdir. Biz Azərbaycanla iqtisadi və ticarət əlaqələrini daha da genişləndirmək istəyirik. AB Azərbaycanla nəinki neft, eyni zamanda qeyri-neft sektorunda da əməkdaşlıq etməyi düşünür".