Məşhur supermodel Sindi Kroufordun kiçik qızı Kaya Gerber 16 yaşlı qardaşı Presli ilə ABŞ-ın Los-Anceles şəhərində olan "Teen Vogue's Young Hollywood " adlı gecədə iştirak edib.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, 14 yaşlı Kaya Gerber əyləncə gecəsinin ulduzuna çevrilib. Gecənin qonaqları füsunkar görünən yeniyetmənin anası Sindi ilə olan oxşarlığını vurğulayıblar. Hətta ana ilə qızın saç düzümü eyni olub.
"Hamıya elə gəlir ki, Kaya mənim əkizimdir. Mən qızım ilə daima zarafat edərək ona deyəndə ki, əvvəl məndə olan ayaqlarımı və saçlarımı qaytar, buna cavab olaraq, Kaya yalnız gülür və bildirir ki, indi onun növbəsi gəlib", – deyə Sindi qızı barədə sözlərinə əlavə edib.
Kaya artıq Kroufurdun yolu ilə gedir, çünki o, bu il də məşhur model agentliyi "IMG Models" ilə müqavilə bağlayıb.
Xarici KİV-in sözlərinə görə, Kayanın model karyerası beşikdən başlayıb. 2005-ci ildə 5 yaşlı Kaya "Melissa Odabash" çimərlik geyimlərinin çəkilişlərində iştirak edib. 2012-ci ildə isə o, "Young Versace" moda evinin uşaq geyimlərinin siması olub.