Bakıda Türkiyə üçün təşkil olunan yardım məntəqələrinə köhnə maşını ilə yoğan-döşək aparan geniş ürəkli paytaxt sakini Səlvər Bəşirlidən yeni xəbər var.
Lent.az xəbər verir ki, Tarix Əliyevin aparıcısı olduğu "Ümid ilə gəl" verilişinə dəvət olunan S. Bəşirliyə avtomobil hədiyyə edilib.
Aparıcı ona yeni avtomobilin alınması üçün yardım kampaniyasını başlatdığını deyib.
Bu barədə Lent.az-a açıqlama verən aparıcı Tolik deyib ki, bahalı maşını hədiyyə edən şəxs rusiyalı iş adamıdır:
“Biz Səlvəri verilişə dəvət etdik. Ona çox sağ ol dedik və nə gözəl ki, bu ürəyə sahibdir. Səlvər bizimlə danışanda məlum oldu ki, o, Laçındandır, ailəlidir. Lakin dörd ildir övladı olmur. Azərbaycan xalqına müraciət etdik ki, gəlin, heç olmasa “VAZ-2107” də olsa, alıb verək. Veriliş yayımlanan zaman Moskvada yaşayan iş adamı zəng etdi. Dedi ki, dostlarıma dedim, bir maşın alıb ona hədiyyə edək. İnşallah, maşın birinci gün Səlvər bəyə təqdim ediləcək”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə yayılan fotoda Türkiyəyə yardım əlini uzadan Səlvər Bəşirli öz köhnə, qırmızı rəngli maşını ilə çağırış məntəqəsinə yorğan-döşək və isti geyimlər daşıyırdı.