Ötən ay xərçəngdən dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra anasının sənətini davam etdirəcək.
Bu barədə Lent.az-a açıqlama verən Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Nizamqızı faktı təsdiqləyib.
O bildirdi ki, Zəhra məşqlərə gəlir və anasının sənətini davam etdirmək niyyətindədir:
“Əməkdar artist, sevimli aktrisa Tünzalə Əliyevanın vəfatı bizi də dərindən kədərləndirdi. Teatrımızın tərkibində istedadlı uşaqlardan ibarət “Oyuq” teatr-studiyası fəaliyyət göstərir. Zəhranın səhnəyə marağını və istedadını nəzərə alan studiyanın rəhbəri Səidə Haqverdiyeva uşağın atasının və yaxınlarının müraciətini cavabsız qoymadı. Balaca qızımız artıq studiyaya gəlir və tam təmənnasız o, burada məşqlərdə iştirak edir. Burada uşaqlarla pedaqoqlar məşğul olur. Zəhra digər uşaqlarla birlikdə səhnə danışığı və hərəkətləri, vokal və xoreoqrafiya dərsləri alır. Bundan başqa, o, sosial-mədəni layihələrdə, bir çox tamaşada yer alacaq.
Çox maraqlı uşaqdır. Ünsiyyətcil, maraqlı, dostcanlı bir qızdır. Heç bir adaptasiya problemi müşahidə etməmişik. Zəhra səhnəni sevir. Valideyn itkisinin fərqindədir. Ümumiyyətlə, ona xüsusi həssaslıqla yanaşırıq. Uşaqlar və müəllimləri çalışırlar ki, onu kədərindən uzaqlaşdırsınlar. Ən əsası Zəhra anası ilə fəxr edir. Onun yaşından-başından, hərəkətlərindən hiss olunur ki, çox anlayışlı qızdır. Deyir ki, anam çox istedadlı idi və mən də anam kimi məşhur aktrisa olacağam. Uşağın bunu özünə təlqin etməsi çox gözəldir. Allah ona uzun ömür versin”.
Xatırladaq ki, mərhum aktrisa Tünzalə Əliyeva yanvarın 22-i uzun sürən xərçəng xəstəliyindən vəfat edib.