Britaniya ilə İran özəl təmsilçilər səviyyəsində mübadilə etmək haqda qərar qəbul edib. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu iki ölkə arasında diplomatik münasibətin bərpası ilə nəticələnə bilər.
Məsələ haqda Britaniyanın xarici işlər naziri Uilyam Heyq oktyabrın 8-də parlamentdəki çıxışında açıqlama verib: «Hər iki ölkə müvəqqəti işlər vəkili təyin edəcək. Onlar ikitərəfli münasibətlərini qurulması ilə məşğul olacaq. Bu addım zaman-zaman yenidən səfirliklərin açılmasına səbəb ola bilər».
2011-ci ilin noyabrında Britaniyanın İrandakı səfirliyinə basqın edildikdən sonra rəsmi London bu ölkədəki diplomatik nümayəndəliyini bağlamış və səfirin geri çağırmışdı. Oxşar addımı Tehran da atmışdı. İndiyə kimi tərəflər arasında diplomatik təmaslar faktiki olaraq, mövcud deyil.
Britaniyanın İrandakı maraqlarını İsveçrənin Tehrandakı səfirliyi, islam Respublikasının Birləşmiş Krallıqdakı mənafeyini isə Omanın Londondakı diplomatik təmsilçiliyi təmsil edir.