ABŞ Milli Təhlükəsizlik Agentliyi 1960-cı illərdə əfsanəvi boksçu Məhəmməd Əli və qara dərili amerikalıların vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı hərəkatın lideri Martin Lüter Kinqi izləyib.
Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu, Corc Vaşinqton Universitetinin alimlərinin sorğusuna cavab zamanı üzə çıxıb.
Bu məşhur şəxslərin izlənilməsi barədə o dövrdə ABŞ prezidenti olan Lindon Conson göstəriş verib. Məhəmməd Əli və Martin Lüter Kinqin əsasən xarici danışıqları dinlənilib. Məhəmməd Əli və Martin Lüter Kinqlə bərabər, nüfuzlu senatorlar Frenk Çerç və Hovard Beyker, “The Washington Post” qəzetində məqalələri çap olunan yazıçı-satirik Art Buxvald, “New York Times” qəzetinin şərhçisi Tom Uiker də izlənilib.