APA-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərovun araşdırması
Bu gün ermənilər tərəfindən Sumqayıt şəhərində Azərbaycana qarşı törədilən təxribatın baş verməsinin 37-ci ili tamam olur. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı həyata keçirdiyi Sumqayıt hadisələri ermənilərin Qarabağı ələ keçirmək planının tərkib hissəsi olub. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi kimi qanlı “Miatsum” ideyasına tələb olunan pulları verməkdən imtina edən ermənilərin Sumqayıtda elə öz millətindən olan şəxslər tərəfindən qətlə yetirilməsi istintaq tərəfindən sübut olunub.
SSRİ DTK-sının ermənilərlə birgə planlaşdırdığı, Qafandan başlayıb, Sumqayıtdan keçərək Qarabağda alovlanan və külə dönən “Miatsum” təxribatı
Qeyd: Rusiyalı tanınmış yazıçı, tarixçi-filosof, publisist, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov “Miatsum” hərəkatı başladığı illərdə Ermənistanda olub. Ermənistanda yaşayan azərbaycanlıların 1980-ci illərin sonunda öz dədə-baba yurdlarından zorla çıxarılmasının, qovulmasının şahidi olub.
Bəzi qüvvələr Qarabağ hadisələrinin Sumqayıtdan başlandığını iddia edir. Aleksandr Andreyeviç yeganə qeyri-azərbaycanlı mütəxəssisdir ki, ilk dəfə Qarabağ hadisələrinin Sumqayıtdan deyil, məhz Qafandan başlandığını qeyd edir:
“Bəli, bu belədir. Mən Qafan hadisələri olanda Ermənistanda idim. Həmin vaxt Ermənistandakı Azərbaycan anklavına çox güclü təzyiqlər vardı. Qafandakı azərbaycanlılar öldürülmək təhlükəsi ilə öz yurdlarından didərgin düşməyə məcbur edilirdi. Bütün xalq - qocalı, cavanlı, uşaqlı əli yalın vəziyyətdə Azərbaycana pənah apardılar. Bu, mahiyyət etibarı ilə güc tətbiqinin təsirinin olduğu ilk akt idi”.
Qafan həqiqətləri barədə rusiyalı yazıçının etirafları...
Rusiyalı yazıçı ermənilərin Qafandakı cinayətlərini ölümcül səhv adlandırıb. Onun sözlərinə görə, Qorbaçovun hakimiyyətə gəlməsi ilə Sovet İttifaqı zəifləməyə başladı və erməni millətçiliyi baş qaldırdı.
“Münaqişələr əvvəllər də olmuşdu. Lakin onlar güclü sovet hakimiyyəti tərəfindən söndürülmüşdü, daşnaklar həbsə atılmışdılar, bütün millətçilər susdurulmuşdu. Elə ki, Sovet İttifaqında zəiflik başladı, Qorbaçov hakimiyyətə gəldi, Sovetlərin bütün norma və strukturları silkələnməyə başladı, bu milliyyətçilik yenidən baş qaldırdı. Bunun ilk təzahürü isə məhz Ermənistanda baş verdi. Ona görə ki, Azərbaycana gələn alçaldılmış və qovulmuş Qafan azərbaycanlıları qisas hissi ilə yanırdılar. Onları ən çox Sumqayıtda yerləşdirdilər. Ona görə də, Sumqayıt hadisələri Qafan hadisələrinin nəticəsidir. Təkrar edirəm, Sumqayıt hadisələri ziddiyyətin bir mərhələsi idi. Orada kim idi günahkar, kim idi başçı, bunu bilmirəm. Amma onu dəqiq bilirəm ki, hər şey Qafandan başlamışdı”, - Proxanov etiraf edib.
Sumqayıt həqiqətləri müstəntiqin dilindən...
Sumqayıt hadisələrinin təşkilatçılarından birinin Eduard Qriqoryan olduğu hamıya məlumdur. Onun barəsində həbs qərarını SSRİ Baş Prokurorluğunun Sumqayıtda baş verənləri araşdırmaq üçün hadisələrdən bir gün sonra Azərbaycana göndərdiyi xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Kaliniçenko çıxarıb.
Qeyd: Vladimir Kaliniçenko 2022-ci ildə vəfat edib. Onunla 2018 və 2019-cu illərdə müsahibə etmək imkanımız olub.
“Bu işin istintaqını aparan zaman mənim kiminsə cinayətini ört-basdır etmək, bu və ya digərinin tərəfini tutmaq kimi niyyətim olmayıb. Ona görə də, bu hadisələrdən çox illər keçəndən sonra məndən Sumqayıtdakı qırğınları törədənlər arasında bir ermənini həbs etməyim barədə soruşanda, mən bunu xatırlamadığımı demişdim. O zaman mənə öz imzamla Eduard Qriqoryanın həbsi barədə çıxardığım qərarı göstərdilər. Bilirsiniz, mən bu barədə təmiz unutmuşdum. Ona görə ki, mən bu fakta həqiqətən o qədər də önəm verməmişdim. Həbs qərarı çıxardığım şəxslər arasında erməni Qriqoryan da vardı”, - “Sumqayıt işi”ni araşdıran müstəntiq bildirib.
“Sumqayıt cəlladı” Eduard Qriqoryanın izi ilə...
Himayədarlarının köməkliyi ilə Sumqayıtda törətdiyi ağır cinayətlərə görə cəzadan yayına bilən Eduard Qriqoryanın Moskva vilayətinin Sergiyev Posad şəhərində yaşadığı barədə illər öncə məlumat yayılmışdı. Bu barədə ictimaiyyət 2014-cü ildə “Odnoklassniki” sosial şəbəkəsində Qriqoryanın adına açılmış, onun və ailə üzvlərinin fotolarının yerləşdiyi səhifədən xəbər tutmuşdu. Həmin fotolarda Eduard Qriqoryan, həyat yoldaşı Rita və oğlu Qarik yer almışdı.
Sumqayıt cəlladının fotolarının sosial şəbəkədə yayılmasından sonra Azərbaycan Baş prokurorluğu tərəfindən 9 fevral 2015-ci il tarixdə Eduard Qriqoryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılmış, “İnterpol” xətti ilə axtarış elan edilmişdi.
Apardığımız araşdırma zamanı məlum olur ki, Eduard Qriqoryan Azərbaycan Baş Prokurorluğunun onun barəsində “İnterpol” xətti ilə axtarış verməsindən xəbər tutandan sonra ailəsi ilə birlikdə tələm-tələsik 15 ildən çox yaşadıqları Sergiyev Posadı tərk etmək məcburiyyətində qalıb. Getdikləri yeri isə Sergiyev Posaddakı tanış və qonşularından gizli saxlayıblar. Sergiyev Posadda Eduard Qriqoriyanın ailəsi ilə yaxın olan bir həmyerlimizin bildirdiyinə görə, sosial şəbəkədəki fotoların Azərbaycan mediasında yayılmasına qədər heç kim onun həmin Qriqoryan olmasından şübhələnməyib. Məlumatlar yayıldıqdan sonra Eduard Qriqoryan onun haqqında yazılanların uydurma olduğunu iddia etsə də, o, ailəsini də götürərək Sergiyev Posaddan birdəfəlik gedib.
Qriqoryanla hələ də təmasda olan həmyerlilərimiz var...
Əldə etdiyimiz məlumata görə, Sergiyev Posadda Qriqoryan ailəsi ilə bu günə kimi təmas saxlayan həmyerlilərimiz var. Məhz onların sayəsində Eduard Qriqoriyanın son görüntüsü əks olunan fotonu əldə etmişik.
Eduard Qriqoryanın həyat yoldaşı Ritanın yeni görüntüsü və onunla videoəlaqə
Digər əldə etdiyimiz məlumat isə Sumqayıt cəlladının həyat yoldaşı Rita Qriqoryanın videoaçıqlamasıdır. Onunla Sergiyev Posadda vaxtı ilə birgə yaşamış, müxtəlif səbəblərdən adını açıqlaya bilmədiyimiz həmyerlimiz “WhatsApp” messenceri ilə videoəlaqə saxlayır.
Həmyerlimiz: Bilirsən, Rita xala, iki gün bundan qabaq harada idim? Rostovda idim, maşın aparırdım. Harada olduğunuzu bilmədim...
Rita Qriqoriyan: Aaa. İşlərin necədir? Uşaqlar necədirlər?
Yarı Azərbaycan, yarı rus dilində danışan Rita Qriqoryandan hazırda harada olmaları ilə bağlı “söz” almağa çalışılsa da, o, söhbətdən məharətlə yayınır.
Həmyerlimiz: Edik əmi (Eduard Qriqoryan-red.) necədir?
Rita Qriqoryan: Yatır. O, indi tez yatır, tez durur.
Həmyerlimiz: İçir?
Rita Qriqoriyan: yox (Azərbaycan dilində deyir).
Rita Qriqoriyanın videoda dediklərindən aydın olur ki, “Sumqayıt cəlladı” artıq yaşlaşıb və təqaüdə çıxıb. Əldə etdiyimiz məlumata görə, Qriqoryanın ailəsi hazırda Rusiyanın Stavropol diyarının Koçubeyovka rayonunda yaşayır. Məlum olur ki, çox saylı qətl və zorlama cinayətlərində günahı sübuta yetirilmiş Qriqoryan heç nə olmamış kimi hələ də azadlıqda gəzir. Çox güman ki, Sumqayıtda ona dəstək olan qüvvə, Rusiyada da dəstək olmağa davam edir.
P.S SSRİ Baş Prokurorluğunun “Sumqayıt işi”ni araşdıran müstəntiqi Vladimir Kaliniçenko Sumqayıt hadisələrinin məhz DTK tərəfindən Qorbaçov və ətrafının göstərişi ilə təşkil olunduğuna əmin olduğunu söyləmişdi. Müstəntiqin sözlərinə görə, Qorbaçovun Zori Balayan, Abel Aqanbekyan və Silva Kaputikyanın çağırışlarına cavab verməsi, Qarabağda problemin olmasını və problemin həll edilməsinin vacibliyini bildirməsi bütün bu böyük təxribatın, “Miatsum”un tərkib hissəsi idi. İndi nə Qorbaçov var, nə də onun erməni ətrafının “Miatsum” ideyası, hamısı İkinci Qarabağ müharibəsinin yekununda “gorbagor” olub.