Dünyanın bir sıra ölkələrində koronavirusun PJ.2.1 adlı yeni variantı aşkarlanıb. Bu ştamın əlamətləri adi soyuqdəymə və mövsümi qripə bənzəyir. PJ.2.1 ilk dəfə 2026-cı il mayın 2-də Kanadanın Ontario əyalətində müəyyən edilib. Daha sonra ölkənin digər bölgələrində də yoluxma halları qeydə alınıb.
İyunun 30-da virusun bu variantı ABŞ-ın Nyu-York şəhərində aşkarlanıb. Sonrakı aylarda Kaliforniya, Arizona, Nyu-Cersi, Virciniya, Şimali Karolina, Missuri, Oklahoma, Kolorado və Florida ştatlarında da qeydə alınıb.
Yeni variantın İspaniya, Fransa, İsrail, Sinqapur, Avstraliya və Yeni Zelandiyada da aşkarlandığı bildirilir.
Mütəxəssislər bildirirlər ki, PJ.2.1 variantına yoluxma zamanı digər COVID-19 variantlarında olduğu kimi boğaz ağrısı, qızdırma, burun axması və tutulması, öskürək, baş ağrısı, əzələ ağrıları və halsızlıq müşahidə oluna bilər. Bəzi xəstələrdə nəfəs darlığı, dad və qoxu hissində dəyişikliklər, eləcə də həzm sistemi ilə bağlı narahatlıqlar yarana bilər.
Bəs görəsən, koronavirusun bu ştammını digər respirator viruslardan necə fərqləndirmək olar? COVİD olub-olmadığımızı necə öyrənək?
İnfeksionist həkim Mərdan Əliyev Lent.az-a bildirib ki, koronavirusun yeni ştammına yoluxmanı yalnız test vasitəsi ilə öyrənmək olar:
“Koronavirusun bu növü hazırda bəzi ölkələrdə, xüsusən Avropada yayılmaqdadır. Amma təkcə bu deyil, virusun digər növləri, yəni ştamları da dövriyyədədir.
Bundan əlavə, hazırda koronavirusdan başqa digər kəskin respirator virus infeksiyaları da mövcuddur. Bunlara rinovirus, adenovirus, qrip, paraqrip, norovirus və sair aiddir.
Bu infeksiyaların hər biri təxminən eyni simptomlarla - boğaz ağrısı, qızdırma, sümük-əzələ ağrıları, zökəm əlamətləri, öskürək və halsızlıq müşahidə edilir.
Buna görə də həmin infeksiyaları yalnız klinik əlamətlərinə əsasən bir-birindən fərqləndirmək çox çətindir.
Onları yalnız laborator analizlər vasitəsilə fərqləndirmək mümkündür. Belə ki, burundan götürülən respirator yaxmanın PZR metodu ilə yoxlanılması nəticəsində virusun hansı növə aid olduğunu müəyyən etmək olar.
Yəni klinik əlamətlərinə görə bu infeksiyaları bir-birindən qəti şəkildə fərqləndirmək mümkün deyil. Bunun üçün laborator analizlərin aparılması vacibdir”.
Qeyd edək ki, Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirib ki, ölkə üzrə respirator virus infeksiyaları, o cümlədən COVID-19 infeksiyası ilə bağlı epidemioloji vəziyyət mütəmadi nəzarətdə saxlanılır. SARS-CoV-2 virusu digər mövsümi respirator viruslarla yanaşı ümumi epidemioloji müşahidə çərçivəsində izlənilir və bu istiqamətdə monitorinq tədbirləri davam etdirilir.