Azərbaycan Milli Məclisi beynəlxalq terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla bağlı 2 yeni sənədi müzakirəyə çıxarır.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya bildirib ki, hər iki sənəd komitənin sabah keçiriləcək iclasında müzakirə olunacaq.
Sənədlərdən biri “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” Sazişdir. Sənədin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanla Türkiyə beynəlxalq mütəşəkkil cinayətkarlığa, terrorçuluğa qarşı birgə tədbirlərin həyata keçirilməsi üçün yeni layihələrə başlayacaq. Sənəddə deyilir ki, tərəflər öz ərazilərində terror təşkilatlarını maliyyə və sığınacaq, yaşayış, təlim, müalicə, təchizat təminatı daxil olmaqla digər formada dəstəkləyən şəxslərə, təşkilatlara qarşı səmərəli birgə mübarizə layihələri hazırlaya və həyata keçirə bilərlər.
İkinci sənəd isə “Avropa Şurasının terrorçuluğun qarşısının alınması haqqında Konvensiyasının təsdiq olunması haqqında” Azərbaycan respublikasının qanunudur. Sənədə əsasən Azərbaycan və Avropa ölkələri arasında çirkli pulların yuyulmasına, terrorçuluğun digər bütün formalarına qarşı mübarizədə əməliyyat mübadilələri, tərəflər arasında operativ məlumatların ötürülməsi, maarifləndirmə və digər sahələrdə yeni birgə layihələrin həyata keçirilməsinə imkan yaradır.