Bu gün Azərbaycanda yeni partiya yaradılması barədə xəbər yayıldı.
Virtualaz.org saytı xəbər yaydı ki, araşdırmaçı jurnalist Xədicə İsmayıl öz facebook səhifəsində yazdığı statusda yeni yaradılacaq partiyanın adını da açıqlayıb: “Qərar verildi! Partiya yaradırıq. Hamınızı Qanunçuluq Çərçivəsində Mötədil Tərəqqi Partiyasına qoşulmağa səsləyirəm!”
O, partiyanın təşəbbüs qrupunda Zamin Hacı, Rəşad Şirin, Şahvələd Çobanoğlu, Elnur Aslanbəyli və Elmir Mirzoyev kimi tanınmış simalar olacağını da qeyd edib.
"Turan" agentliyinin müxbiri isə xəbərə aydınlıq gətirmək üçün X. İsmayılla əlaqə saxlayıb. O da öz növbəsində xəbəri təsdiq edib.
Az sonra X.İsmayıl özü "Turan"ın əməkdaşlarına telefon açaraq, onlarda yumor hissinin olub-olmamasını soruşub. Sonra da etiraf edib ki, bu, zarafat idi.
"Yeni partiyanın digər qurucularından" biri də özünü X.İsmayıl kimi aparıb.
"Turan" agentliyi isə öz növbəsində bildirib ki, onun əməkdaşları yumor hissini yüksək qiymətləndirir: "Amma belə yersiz zarafatlar etika və sağlam məntiqin hüdudlarını aşır. Belə əməllərə yol verən həmkarlarımız bilməlidir ki, sonralar onların bu və ya digər məsələlərlə bağlı fikir və mövqelərinə etimadsızlıq göstəriləcək".