Martın 27-də Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə Ukraynada tibb sahəsində təhsil alan azərbaycanlı tələbələrin və gənc həkimlərin birinci konfransı keçiriləcək. Lent.az-ın məlumatına görə, konfransın keçirilməsində məqsəd Ukraynada tibb sahəsində təhsil alan tələbələr və işləyən gənc həkimlər arasında əlaqələrin qurulması, bilik-təcrübə mübadiləsinin artırılması, müasir tibbdə aktual məsələlərin müzakirəsi, beləliklə də, Azərbaycanda səhiyyənin inkişafına müəyyən töhfə verilməsindən ibarətdir.
Ukraynada tibb sahəsində təhsil alan azərbaycanlı tələbələrin təhsillərini bitirdikdən sonra vətənə qayıtmalarına, ölkəmizin səhiyyə strukturları, tibbi tədris müəssisələri ilə qarşılıqlı təmasda olmalarına, həmçinin tibb sahəsində mütəxəssislərin yetişməsinə xidmət etmək baxımından müəyyən fayda verəcəyinə inanaraq səfirlik və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi konfransın təşkilinə dəstək göstərir.
Tədbirdə iştirak etmək niyyətində olan tələbə və həkimlər Ukrayna Azərbaycanlı Gənclər Birliyinə müraciət edə bilər. İştirak üçün 23 mart 2014-cü il tarixinədək təşkilatçılara müraciət etmək tələb olunur.
Ukrayna Azərbaycanlı Gənclər Birliyi
uayu.org
E-poçt: [email protected]
Kiyev şəhəri, Qorkiy küçəsi 3, 04119
Tel/faks: 380 44 234 41 81