Rəsmi dövlət qəzeti “Azərbaycan” prezident İlham Əliyevin 2013-cü il ölkədaxili fəaliyyəti ilə bağlı “36 rayon və şəhərə səfər, 131 sosial obyektin açılışı” başlıqlı yazı dərc edib. Lent.az-ın məlumatına görə, ötən il dövlət başçısı şəhər və rayonlara etdiyi səfərlər zamanı mühüm sosial obyektlərin açılışında, habelə bir sıra sosial obyektlərin təməlqoyma mərasimlərində iştirak edib. Prezident şəhər və rayonlara etdiyi 39 səfəri zamanı 131 sosial obyektin açılışında iştirak edib, 43 mərkəzdə aparılan təmir - tikinti, əsaslı bərpa və yenidənqurma işləri və yaradılan şəraitlə tanış olub. 2013-cü ildə prezident İlham Əliyev Qəbələ (2 dəfə), Hacıqabul, Mingəçevir, Qobustan, Sumqayıt (2 dəfə), Şirvan, Tovuz, Qazax, Ağstafa, Siyəzən, Xaçmaz, Şabran, Kürdəmir, İsmayıllı, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Sabirabad, Saatlı, Ağcabədi, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Astara, Lənkəran, Yevlax, Bərdə, Naftalan, Şəmkir, Gədəbəy, Quba (2 dəfə) və Qusarda səfərdə olub. Ümumilikdə götürdükdə isə, dövlət başçısı bölgələrə 39 dəfə səfər edib.
Dövlət başçısının açılışlarında iştirak etdiyi obyektlərin statistikasına gəlincə, 1 ildə bölgələrdə 15 Heydər Əliyev Mərkəzi, 17 istehsal müəssisəsi, 7 Gənclər Mərkəzi, 7 istirahət kompleksi və park, 6 Bayraq Meydanı, 6 hotel kompleksi, 6 Mədəniyyət Mərkəzi, 4 Olimpiya İdman Kompleksi, 5 İdman Mərkəzi (2 Atıcılıq klubu, 2 Regonal Boks Mərkəzi, 1 Milli Qolf Klubu) 5 Mərkəzi Xəstəxana, 3 körpələr evi - uşaq bağçası, 2 muzey, 2 Elektrik Stansiyası, 1 hava limanı tikilib istifadəyə verilib. Bununla yanaşı, dövlət başçısı səfər etdiyi 36 rayon və şəhərin 17-də içməli suyun verilməsi, su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, eləcə də, 16 rayonda avtomobil yolunun açılışında iştirak edib. Eyni zamanda Prezident İlham Əliyev 3 rayonda 4 yeni körpünün açılışı mərasiminə qatılıb, Azərbaycan Silahlı Qüvvələrinin bölgələrdə yerləşən hərbi hissələrindəki vəziyyətlə tanış olub.
2013-cü ildə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı bərpa olunub, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir.