Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Lent.az-ın “AzərTAc”a istinadən xəbərinə görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Milli geyimli uşaqlar Azərbaycan prezidentinə bayram xonçası təqdim etdilər. Uşaqlar prezidenti və xanımını Novruz bayramı münasibətilə təbrik ediblər. Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib.
Sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər. Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik edib, dövlət başçısı ilə yumurta döyüşdürüblər.
Daha sonra dövlət başçısı və xanımı bayram konsertinə baxıblar.
Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinə xüsusi çalar qatıb. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılanıb. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutub, idmançılar məharətlərini göstəriblər.
Dövlət başçısı və xanımı zorxana güləşçiləri ilə xatirə şəkli çəkdiriblər.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva burada nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri ilə tanış olublar.
Azərbaycan prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxıblar. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izləyib, qədim el sənətlərinin nümunələrinə baxıblar. Dövlət başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurub.
Prezident və xanımı bayram şənliyində nümayiş etdirilən “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı təqdimata baxıblar, idmanın müxtəlif növləri üzrə idmançıların çıxışlarını izləyiblər.
Azərbaycan prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə xoş arzularını yetirib.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.