Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində nazir Kəmaləddin Heydərovu İran İslam Respublikasının prezidenti Həsən Ruhani qəbul edib.
Daha sonra səfər proqramına uyğun olaraq, K. Heydərov İranın sənaye, dağ-mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə, Mədən sənayesinin inkişaf etdirilməsi üzrə təşkilatın sədri Mehdi Kerbasiyan, daxili işlər nazirinin müavini İsmayıl Nəccar və bir sıra yüksək vəzifəli şəxslərlə görüşüb.
Keçirilən görüşlərdə hər iki ölkənin müvafiq qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
İRNA-nın xəbərinə görə, K. Heydərov bu gün İranın Xorasan Rəzəvi vilayətinin valisi Əli Rza Rəşidiyanla da görüşüb.
K. Heydərov Azərbaycan və İranın mədəni, sosial, dini və iqtisadi sahələrində geniş əlaqələrinin mövcud olduğunu bildirib: “İki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək üçün bu potensialdan yararlanmaq lazımdır. İran və Azərbaycanın müxtəlif sahələrdəki potensialı investorlara tanıtdırılmalıdır”.
Nazir bildirib ki, iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrin genişlənməsinə şərait yaradır.
Ə.Rəşidiyan isə öz növbəsində iki ölkənin müxəlif sahələrdəki potensialını nəzərə alaraq əlaqələrin genişləndirilməsinin və gücləndirilməsinin zəruri olduğunu vurğulayıb: “Hər il Məşhəd şəhərinə 25 milyon zəvvar gəlir. Bunun da 1/5-ni əcnəbilər təşkil edir. Ötən il də 13 min azərbaycanlı zəvvar Məşhəd şəhərinə ziyarətə gəlib”.
Ə. Rəşidyan bu məqsədlə Bakı-Məşhəd birbaşa aviareysinin açılmasını təklif edib.