Fərhad Məmmədov Türkiyə Ermənistan münasibətlərindən danışdı - MÜSAHİBƏ
21 yanvar 2014 14:50 (UTC +04:00)

Fərhad Məmmədov Türkiyə Ermənistan münasibətlərindən danışdı - MÜSAHİBƏ

Azərbaycan prezidenti yanında Strateji Araşdırma Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədovun müsahibəsi


 

- Mətbuatda yayılan məlumata görə, TASAM (Türkiyə Asiya Strateji Araşdırmalar Mərkəzi) bu ilin may ayının sonunda Türkiyənin Ədirnə şəhərində Türk Xalqlarının Ümumdünya Forumunu keçirməyi planlaşdırır. Təəccüb doğuran məqamlardan biri həmin tədbirdə türkdilli dövlətlərin nümayəndələrindən savayı, xarici ölkələrdəki erməni diasporu üzvlərinin də iştirakının nəzərdə tutulmasıdır. Türkiyə təşkilatı tərəfinin bu təşəbbüsünü necə dəyərləndirirsiniz?

 

- Məlumdur ki, TASAM bir qurum olaraq Türkiyənin iri  araşdırma mərkəzlərindən biridir və bir qayda olaraq hökumətin ayırdığı məqsədli qrantlar hesabına fəaliyyət göstərir. Eyni zamanda, onun tədqiqat mövzuları, bir qayda olaraq, ayrı-ayrı regionlar üzrə rəsmi Ankaranın yürütdüyü siyasəti, dövlətlərarası münasibətlərin perspektivlərini əhatə edir. Digər tərəfdən, reallıqlar onu göstərir ki, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasətinin, pozucu təbliğat fəaliyyətinin önündə məhz erməni diasporu təşkilatları dayanır və ali məramı türk birliyinin möhkəmləndirilməsi olan foruma bu birliyə qətiyyən aidiyyəti olmayan və onu pozmağa səy göstərən destruktiv qruplaşmaların da dəvət olunması nə normal məntiqə, nə də Azərbaycan və Türkiyə arasındakı tərəfdaşlıq prinsiplərinə uyğundur. O da yaxşı məlumdur ki, belə təşəbbüslərin arxasında, bir qayda olaraq, bəzi Qərb dövlətləri və beynəlxalq təşkilatlar da dayanır. Onlar Türkiyədən yönəldilən “barışıq”, “üzrxahlıq” səylərini fəal şəkildə maliyyələşdirirlər. Qeyd edim ki, hazırda bəzi qurumların Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində fəaliyyətində aktivlik hiss edilməkdədir. Belə ki, Qlobal Siyasi Cərəyanlar Mərkəzi, Türkiyə İqtisadi və Sosial Araşdırmalar Vəqfi, Türkiyə İqtisadi Siyasət üzrə Araşdırmalar Vəqfi, Anadolu Mədəniyyətləri Festivalı, Hrant Dink Vəqfi, Türkiyə-Ermənistan İş Şurası kimi qurumlar, müxtəlif qəzet redaksiyaları bu siyasi kampaniyanın önündə getməkdədirlər. 

 

Məsələn, 2005-ci ildən etibarən Türkiyə-Ermənistan mədəniyyətlər dialoqu təşəbbüsü çərçivəsində hər iki dövlətin yaxınlaşmasına yönəldilən tədbirlər həyata keçirilir. Həmin təşəbbüs çərçivəsində 2009-cu ildə “Ermənistan-Türkiyə Kinematoqrafiya Platforması” yaradılıb, hətta birgə filmlərin çəkilişi də nəzərdə tutulub. Diqqət edin, bu ilin əvvəllərində Hrant Dink Vəqfi “Səssizliyin səsi III – ankaralı ermənilər danışır” kitabını nəşr etdirib. Vəqfin digər nəşri isə “Media və nifrət ifadəsi. Anlayışlar, mənbələr, müzakirələr” adlanır. Hər iki kitabın ana xəttini türklərin ermənilərə münasibətdə üzrxahlıq notları, xüsusilə də Türkiyənin Yerevanla yaxınlaşma səylərinin vacibliyi təşkil edir.

 

Bunlardan başqa, Türkiyə və Ermənistan sərhəd qoşunları nümayəndələri arasında da əlaqələr də intensivləşib və belə görüşlərdən biri 2013-cü ildə Gümrü şəhərində keçirilib. Növbəti görüşü isə bu ilin mart ayında Türkiyə ərazisində təşkil etmək qərara alınıb.

 

Azərbaycan Respublikasının erməni təbliğatına, erməni diasporunun neytrallaşdırılmasına yönəldilən ardıcıl fəaliyyəti həm də qardaş Türkiyənin maraqlarının müdafiəsinə, türk xalqları arasında siyasi, iqtisadi və mədəni sahələrdə birliyin formalaşdırılmasına və möhkəmləndirilməsinə yönəldilib. Azərbaycan prezidenti, cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan dövləti Türkiyə ilə dostluq, qardaşlıq, etibarlı tərəfdaşlıq prinsiplərinə həmişə sadiqdir və bu sədaqəti əməli fəaliyyəti ilə dəfələrlə sübuta yetirib. Ölkə başçımız dünya erməniliyinin pozuculuq fəaliyyətinə qarşı siyasətdə və təbliğatda hücum taktikasının əhəmiyyətini bəyan edib, ortaq maraqların müdafiəsi mövqeyində səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Maraqlıdır ki, yanvarın 14-də “Çankaya” sarayında səfirlərin 6-cı konfransında Türkiyə prezidenti cənab Abdullah Gül və baş nazir cənab Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin yüzüncü ildönümü ərəfəsində Türkiyənin öz nüfuzunun qorunmasında, tarixi reallıqların düzgün çatdırılmasında daha qətiyyətli hərəkət etməyin əhəmiyyətini diqqətə çatdırmışdır. Belə olan təqdirdə, qondarma “erməni soyqırımı” iddialarından və Türkiyədən ərazi tələblərindən geri çəkilməyən rəsmi Yerevanın və erməni diaspor təşkilatlarının dövlətlərimiz arasında süni soyuqluq yaradılmasına, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Türkiyə-Azərbaycan və Türkiyə-Ermənistan münasibətləri kontekstindən çıxarılmasına istiqamətlənən fəaliyyətinin genişləndirilməsi şəraitində qardaş Türkiyədə bu tipli tədbirlərin keçirilməsi təəssüf və məyusluq hissləri oyadır.

 

- Ermənistan və Türkiyə arasında yaxınlaşmaya yönələn siyasi-diplomatik səylər haqqında nə deyə bilərsiniz?

 

- Məlumdur ki, İsveçrədə imzalanan Sürix protokolları Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması prosesinə mənfi təsir göstərir. Çünki Ermənistan və Türkiyə arasında sərhədin bağlı saxlanılması rəsmi Ankaranın dəfələrlə bəyan etdiyi kimi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlıdır və son hadisələr rəsmi Yerevanın bu amilə qətiyyən məhəl qoymadığını təsdiqləməkdədir. Ermənistanın bu siyasəti hələ də davam etdirdiyini nəzərə alsaq, sərhədlərin açılması siyasi sövdələşmələrin mövzusu olmamalı, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilməlidir. Türkiyə tərəfinin rəsmi mövqeyi həmişə belə olub və əminik ki, bundan sonra da belə qalacaq. Bu gün Ermənistanın əsas məqsədi bir tərəfdən sosial-iqtisadi və siyasi blokadadan çıxmaq, digər tərəfdən problemin sülh yolu ilə nizamlanması istiqamətindəki mövqedən müxtəlif bəhanələrlə uzaqlaşmaqdır. Azərbaycanın prinsipial mövqeyi isə yaxşı bəllidir. Dövlətimizin rəyi cənab prezident İlham Əliyev dəfələrlə bəyan edib və o dəyişməz olaraq qalır. Azərbaycan xalqının maraqlarını nəzərə almadan regionda vəziyyəti dəyişmək cəhdləri şansızdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640
avatar

Oxşar yazılar