Suriyada Bəşər Əsədə qarşı döyüşən qruplaşmalar sırasında azərbaycanlılardan ibarət qrupun olması haqqında məlumatlar səngimək bilmir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev APA TV-yə bildirib ki, bununla bağlı ciddi araşdırmalar aparılır. Suriyada əksər diplomatik nümayəndəliklərin fəaliyyət göstərmədiyini xatırladan nazirlik sözçüsü deyib ki, beynəlxalq təşkilatlar bu ölkədə təmsil olunmur. Belə şəraitdə Azərbaycan diplomatları üçün bu məsələnin aydınlaşdırlması da kifayət qədər çətinləşib. Azərbaycanın Suriyadakı səfirliyi Livanın paytaxtı Beyrutda fəliyyətini davam etdirir.
Məsələnin dəqiq təhlili də məhz bu səbəbdən ləngiyir: "Biz çalışırıq, öz kanallarımızdan da istifadə edək. Bu istiqamətdə müəyyən məlumatlar əldə etmək üçün təmaslarımızı da artırırıq. Birincisi bu şəxslərin Azərbaycan vətəndaşı olması təsdiq edilməlidir. Bu faktlar təsdiqlənsə, Azərbaycan qanunvericiliyi çərçivəsində lazımı olan adddımlar atılacaq".