Bu gün Belqradda Azərbaycan-Serbiya ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının III iclası keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinə müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir. Serbiya tərəfi isə iclasda baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
İclasda çıxış edən komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Serbiya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Serbiya beynəlxalq səviyyədə, xüsusilə ərazi bütövlüyü kimi mühüm məsələlərdə bir-birini dəstəkləyir.
Ş. Mustafayev komissiyanın ikinci iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verib. O bildirib ki, ötən dövr ərzində hüquqi sahədə bir sıra sənədlər imzalanıb, karantin və bitki mühafizəsi, beynəlxalq yükdaşımaları, səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında saziş layihələri isə razılaşdırma mərhələsindədir.
Ölkələr arasında investisiya sahəsində sıx əməkdaşlığın olduğunu deyən nazir misal kimi Azərbaycanın “AzVirt” şirkətinin baş podratçısı olduğu avtomagistralın tikintisinə dair kredit sazişinin uğurlu icrasını qeyd edib. Onun sözlərinəgörə, kənd təsərrüfatı, nəqliyyat, İKT, təhsil, mədəniyyət, idman və gənclər sahəsində də əməkdaşlıq əlaqələri genişlənib.
Ş. Mustafayev Azərbaycan və Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin, dövlət qurumları arasında müntəzəm görüşlərin və danışıqların aparılmasının, iş adamları arasında əlaqələrin inkişaf etdirilməsinin və bu məqsədlə biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan və Serbiyada infrastruktur obyektlərinin tikintisi, turizm, təhsil sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.
Öz növbəsində Serbiya baş nazirinin müavini, komissiyanın həmsədri Rasim Lyayiç ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
İclasda komissiya üzvləri müzakirə olunan məsələlərə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Sonda Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın III iclasının yekunlarına dair protokol imzalanıb. Sənəddə iqtisadiyyat, sənaye, ticarət, investisiya, kənd təsərrüfatı, turizm, enerji, təhsil, ekologiya, mədəniyyət, gənclər, idman və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.