Leykoz xəstəliyindən müalicə olunan jurnalist Nicat Dağlar dünən Almaniyanın Bad Vildungen şəhərinin Hemotologiya Klinikasında ağır ilik müayinəsindən keçib. Bu barədə Lent.az-ın əməkdaşı ilə telefon danışığında N. Dağların xanımı Ülviyyə Hüseynova məlumat verib. Onu sözlərinə görə, müayinə prosesi çox ağır olub: “Dünən Nicatdan ilik çəkdilər. Bu, olduqca ağır bir müayinədir. Bel nahiyəsindən sümüyü deşirlər. Həmin vaxt xəstə özündə olmalıdır deyə narkoz vurmurlar. Yalnız yerli keyitmə ilə mili yeridirlər sümüyün içinə. Bu isə həmin o ağrıların qarşısını ala bilmir. Həmin vaxt məni onun yanına buraxmadılar. Nicatın səsini qonşu otaqdan eşitdikcə buna dözə bilmirdim. İstəyirdim həkimlərə qaçıb deyəm ki, ona belə əzab verməsinlər. Amma neyləməli, bu müayinədən mütləq keçməliydi ki, həkimlər altı ayın müalicəsinin təsirini öyrənə bilsinlər”.
N. Dağların ağrılardan huşunu itirdiyini deyən Ü. Hüseynova sonradan onun vəziyyətinin xeyli yüngülləşdiyini bildirib: “Halı dəyişəndə qorxduq. Amma şükür Allaha ki, keçdi. Həkimlər əvvəlcədən də deyirdilər ki, möhkəm ağrılar olacaq, amma dözməlisən. Gecə ağrıları yenidən baş qaldırdı. Buna qədər isə əhvalı yaxşı idi, internetlə dostları ilə yazışırdı. Sakitləşdirici preparat qəbul edəndən sonra yatdı. Yanındayam, şükür Allaha ki, indi elə bir narahatlığı yoxdur. İnşallah, bu gün ayağa qalxacaq”.
Ü. Hüseynova onu da bildirib ki, ilkin qan analizləri və daxili orqanların müayinəsi yaxşı nəticə verib və həkimlər həmkarımızın sağlamlığının getdikcə tam bərpa olunduğunu bildiriblər. İlik müayinəsinin cavabı isə növbəti həftə bilinəcək.