Azərbaycan səfirliyi: “Lazımi addımlar atılacaq”
Ermənistanın Milli Rəqabətədavamlılıq Fondu İspaniyanın paytaxtı Madriddə keçiriləcək “Fitur” illik turizm sərgisində iştirak edəcək. APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, Ermənistanın 5 turizm şirkətinin iştirak edəcəyi sərginin Ermənistan pavilyonunda Dağlıq Qarabağdakı separatçı rejiminin stendi da təqdim olunacaq.
Azərbaycanın İspaniyadakı səfirliyinin 1-ci katibi Cavid Kazımov APA-ya bildirib ki, diplomatik missiya bu məsələdən xəbərdardır: “Sərgiyə baxış keçirmişik. Belə bir stend yoxdur. İndi də sərginin təşkilatçılarından bunun təsdiqini gözləyirik”.
C. Kazımov əlavə edib ki, ermənilər belə bir stendi nümayiş etdirsələr, səfirlik lazımı addımlar atacaq: “Belə hal baş versə, müvafiq yerlərə etiraz notası, məktublar göndərəcəyik və görüşlər keçirəcəyik”.
Diplomat qeyd edib ki, bu il “Fitur” sərgisində Azərbaycandan iştirak edən olmayacaq.
Qeyd edək ki, yanvarın 22-26-da Madriddə keçiriləcək turizm sərgisində 167 ölkəni təmsil edən 10 minə yaxın turizm şirkəti qatılacaq.