“Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması bundan sonra da davam etdiriləcək”. Lent.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. O vurğulayıb ki, Azərbaycanın beynəlxalq ictimaiyyətə deyiləsi sözü hələ ki, çoxdur. “Sumqayıt hadisələrini törədənlər, onun arxasında duranlar da tarixən böyük tolerantlıq ənənəsi olan Azərbaycana ləkə yaxmaq, imicinə zərər vermək cəhdi edirdilər”. E.Abdullayev qeyd edib ki, təqdimatı keçirilən “Sumqayıt 1988: cinayət və cəza” kitabının əsas məqsədi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır: “Azərbaycan xalqına qarşı həmlələr tək Sumqayıt, Xocalı hadisələri vasitəsilə deyil, XX əsr boyu düşünülmüş planlar şəklində icra olunurdu. Lakin ermənilər və onların havadarlarının bütün planlarını Heydər Əliyev hakimiyyətə qayıtmaqla pozdu. Azərbaycanın adına ləkə yaxmaqla bağlı ermənilərin istəklərinin qarşısı alındı. İndi hardan-hara gəldiyimizi gözlərimizlə görürük”.
Mətbuat katibi onu da qeyd edib ki, bu gün beynəlxalq münasibətlər arenası mürəkkəb bir sistemdir. Onun sözlərinə görə, bu sistemdə hər bir ölkə, o cümlədən Azərbaycan özünü təsbit etməsi, həqiqətlərin çatdırılması üçün savaşmalıdır. XİN rəsmisi vurğulayıb ki, xüsusilə yeni formalaşan, inkişafının ən önəmli mərhələsinə qədəm qoyan bir ölkə üçün bu, çox önəmlidir: “Bu gün Azərbaycan etibarlı əllərdədir, həqiqətlərin dünyaya çatdırılmasında mühüm işlər görülür və beynəlxalq areneda önəmli addımlar atılır. Azərbaycanın təbliği istiqamətində atılan addımlar çox effektivdir. Azərbaycanın dünyada təmsil olunması, diplomatik nümayəndəliklərin sayı daha yüksəkdir. Dünya ölkələrində Azərbaycanın 80-nə yaxın diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Lakin ölkənin təmsil edilməsində tək dövlət iştirak etmir. Azərbaycan dövlətinin ətrafında bütün cəmiyyət, xalq, soydaşlarımız, Azərbaycanı sevənlər birləşib. Bu da bizim təbliğatımızın dünyaya çatdırılmasını olduqca sürətləndirib”.
E. Abdullayev qeyd edib ki, Sumqayıt hadisələri, Xocalı və digər faciələrin dünyaya çatdırılması istiqamətinə işlər görüləcək. Onun fikrincə, görüləsi işlər hələ ki, var və bunlara Xarici İşlər Nazirliyi hər zaman öz dəstəyini göstərəcək.