Gülyanaq Məmmədova
24 avqust 2026 17:53 (UTC +04:00)

Gülyanaq Məmmədova

"Özbəkistanda Azərbaycan musiqisinə böyük sevgi var" - Gülyanaq Məmmədova DANIŞDI

0

"Azərbaycan və Özbəkistan arasında əlaqələrin daha da möhkəmlənməsi və günü-gündən inkişaf etməsi göz önündədir. Bu bizi çox sevindirir".

Bu sözləri Lent.az-a açıqlamasında  Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova deyib.

O bildirib ki, hər iki ölkənin mədəniyyət və incəsənətinin bir-birinə yaxınlığı və doğmalığı açıq şəkildə görünür:

"Bu, hörmətli prezidentlərimizin sayəsində, onların qardaşlıq və dostluq münasibətlərinə verdiyi önəm, mədəni, iqtisadi və siyasi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar nəticəsində mümkün olub. Bütün bunlar iki ölkə arasındakı qardaşlıq münasibətlərini gücləndirir, mədəni əlaqələri isə daha da möhkəmləndirir.

Bu gün mədəniyyət və incəsənətimizin bir-birinə yaxınlığı və doğmalığı açıq şəkildə görünür. Azərbaycanda Özbəkistan musiqisinə, Özbəkistanda isə Azərbaycan musiqisinə böyük sevgi var. Hər dəfə səhnəyə çıxdığımda özbək musiqilərini ifa edən bir müğənni kimi hər zaman fəxr edirəm ki, bu işin daşıyıcılarından biri olaraq dövlətimə qulluq edir, mədəniyyətimizə xidmət göstərirəm. Bundan şərəf duyuram və çalışıram ki, bu missiyanı layiqincə təmsil edim. Hər iki ölkə başçısından bu dəyəri aldığım üçün özümü çox şanslı və xoşbəxt hesab edirəm. Hər iki dövlətin Xalq artisti adını daşımaq mənim üçün həm böyük məsuliyyət, həm də məmnunluqdur. Hər zaman bu ada layiq olmağa çalışıram".

Xalq artistinin sözlərinə görə, Azərbaycan və Özbəkistan mədəniyyətləri bir-biri ilə oxşar və doğmadır:

"İlin əvvəlində Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət və sənət fədakarı” medalı ilə də təltif olundum. Hər dəfə atdığım addımlar qiymətləndirildikcə öz üzərimdə daha böyük məsuliyyət hiss edirəm. Bu gün hər iki dövlət başçımızla fəxr edir, qürur duyuram. Onlar hər zaman millətlərimizin xoşbəxt və firavan yaşamasına diqqət göstərir, xalqlarımızı qorumağa və zirvədə tutmağa çalışırlar. Hər birimiz bu ölkənin vətəndaşları olaraq dövlətimiz, millətimiz və dövlət başçımızla fəxr edirik.

Bizim mədəniyyətlərimiz bir-birinə o qədər bağlıdır ki, dilimiz, dinimiz, tariximiz və mədəniyyətimiz kökdən bir-birinə oxşar və doğmadır. Xüsusilə son illərdə bu qardaşlıq münasibətləri daha da inkişaf etdirilir. Biz bir-birimizə hər zaman qardaş demişik və dövlət başçılarımız bu münasibətləri daha da möhkəmləndirirlər.

Azərbaycandan Özbəkistana gedib Azərbaycan mahnılarını təqdim etdikcə özbək xalqının Azərbaycana olan sevgisini görürəm. Özbəkistan-Azərbaycan mədəniyyət günlərinin ənənə halını alması və hər iki ölkədə keçirilməsi mədəniyyətlərimiz arasındakı bağı daha da gücləndirir.

Bu gün azərbaycanlı tələbələri Özbəkistanda, özbək tələbələr isə Azərbaycanda təhsil alırlar. Bu gün mənim tələbəm də Özbəkistanda konservatoriya tələbəsi adını qazanıb. Həm Özbəkistanın, həm də Azərbaycanın Xalq artisti olaraq bu bağlılıqdan qürur duyuram".

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 22 avqust 2022-ci ildə imzaladığı Sərəncama əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar